Putin Türkiyəni fəth edə bildimi? Dünya

Putin Türkiyəni fəth edə bildimi?

Qafqazlılar Rusiya prezidentini Ankarada etirazla qarşılayıblar

Türkiyəyə rəsmi səfərə gələn Rusiya dövlət başçısı Vladimir Putin ciddi təhlükəsizlik tədbirlərinin alındığı Esenboğa hava limanında rəsmi mərasimlə qarşılanıb. Türkiyə mediası xəbər verir ki, xüsusi təyyarəsi ilə dünən saat yerli vaxtla saat 13:08-də Ankaraya gələn Putin və onu müşayiət edən heyəti Esenboğa hava limanında enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Xarici İşlər Nazirliyinin səlahiyyətliləri ilə Rusiya səfirliyinin səlahiyyətliləri qarşılayıblar.
Putinin Ankaraya gəlişi ərəfəsində Esenboğa Hava limanının girişində avtomobillər xüsusi nəzarətdən keçirildikdən sonra içəri buraxılıblar. Hava limanının şərəf salonu binasının damında snayperlər yerləşdirilib, təcili yardım maşınları da hazır vəziyyətə gətirilib.
Bundan başqa, Putinin kortejinin keçəcəyi yollarda üst səviyyədə təhlükəsizlik tədbirləri görülüb.
Rusiya prezidenti Ankarada ilk növbədə Atatürkün mavzoleyini ziyarət edib. Mərasimin ardından Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.
Daha sonra Ərdoğan ilə Putinin birgə başçılığı ilə Türkiyə və Rusiya Üst Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) 5-ci yığıncağı reallaşdırılıb. İki ölkədən nazirlərin də qatıldığı ÜDİK-in yığıncağında ikitərəfli əlaqələr geniş müzakirə olunub, ayrıca iki ölkəni maraqlandıran təməl regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılıb. Baş nazir Əhməd Davutoğlu da Putinlə Prezident Sarayında təkbətək görüşüb. Ardından heyətlər arası görüş keçiriblər.
Rusiya dövlət başçısı Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı olaraq "tarixi əhəmiyyətə malik" deyə xarakterizə etdikləri 100 milyard dollarlıq texniki maneələri qaldıracaq 5 maddəlik bir razılaşma imzalayıblar.
Elə dünən axşam saatlarında Rusiya dövlət başçısı Türkiyədən ayrılıb.
Türkiyə mediası xəbər verib ki, Ankarada Rusiya-Türkiyə danışıqları yüksək səviyyədə keçirilib. Danışıqlar Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli söhbəti ilə başlayıb.
Putinin səfəri Türkiyədə etirazla qarşılanıb. Belə ki, İstanbulda Qafqaz əsilli bir qrup uşaq Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə etiraz edib.
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, Qalatasaray Liseyi qarşısında toplanan İnsanlığı Müdafiə və Qardaşlıq Dərnəyinin (İMKANDER) mühacir məktəblərində oxuyan Çeçenistan, Tatarıstan, Dağıstan və Krım vətəndaşı olan təxminən 50 uşaq "İşğalçı Rusiya, Çeçenistandan rədd ol!", "Uşaq qatili Putin", "Boyun əyməyəcəyik!", "İşğalçı Rusiya, Qafqazdan rədd ol!" sözlərinin yazıldığı plakatları İstanbuldakı Rusiya konsulluğunun qarşısına qoyub.
İMKANDER sədri Murat Özer jurnalistlərə verdiyi açıqlamada bu fəalların Qafqazdan Türkiyəyə sığınmış ailələrin uşaqları olduğunu bildirib.
Rusiyanın Çeçenistan müharibəsində 42 mini uşaq olmaqla, 250 min nəfəri öldürdüyünü vurğulayan M.Özer uşaqların həmin müharibədə həyatını itirən insanların xatirəsini yad edərək səssiz yürüş keçirdiklərini söyləyib.
Qeyd edək ki, dünən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu da rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Türkiyə və Rusiya arasındakı ikitərəfli iqtisadi və ticarət əlaqələri, eləcə də turizm sahəsində atılacaq addımlar müzakirə edilib.
Suriya, İraq, Ukrayna və Kipr məsələləri də nazirlərin müzakirə obyektində olub. İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriyada axan qanın və köç dalğasının dayandırılması üçün hansı addımların atılmasının zəruri olması barədə fikir mübadiləsi aparıblar.
Bu arada o da bəlli olub ki, Türkiyənin Ətraf Mühitin Mühafizəsi Nazirliyi Rusiyanın həyata keçirəcəyi "Akkuyu" atom elektrik stansiyasının (AES) tikintisi layihəsini bəyənib. Türkiyədə birinci "Akkuyu" AES-in tikintisi layihəsi nazirlik tərəfindən Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfərindən bir saat əvvəl təsdiqlənib.

TURQUT