ABŞ İrana qarşı “fövqəladə vəziyyət” rejimini uzatdı Dünya

ABŞ İrana qarşı “fövqəladə vəziyyət” rejimini uzatdı

Tehran hələ də Vaşinqton üçün fövqəladə təhlükə mənbəyi sayılır

ABŞ prezidenti İrana qarşı "fövqəladə vəziyyət" rejiminin müddətini uzadıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Barak Obama ABŞ Konqresinə ünvanladığı məktubda rəsmi Tehranın hələ də Vaşinqton üçün fövqəladə təhlükə mənbəyi sayıldığını qeyd edib.
O bildirib ki, bütövlükdə İran dövlətinin özünəməxsus addımları və siyasətləri ABŞ-ın regiondakı maraqları ilə ziddiyyət təşkil edir: "Eyni zamanda bu hal ABŞ-ın iqtisadiyyatı, xarici siyasəti və milli təhlükəsizliyinə fövqəladə və qeyri-adi bir hədə hesab olunur. Bu səbəbdən mən İranla bağlı "fövqəladə vəziyyət" rejiminin davam etməsini və bu təhdidlə mübarizə üçün rəsmi Tehrana qarşı tətbiq olunmuş əsas sanksiyaların qorunub saxlanılmasını qərara alıram".
Qeyd edək ki, ABŞ hökuməti 1995-ci il martın 15-də Bill Klintonun prezidentliyi zamanı İrana qarşı "fövqəladə vəziyyət" elan edib. Bundan əlavə, ABŞ-da "fövqəladə vəziyyət" rejimi 2001-ci il 11 sentyabr terrorundan bir neçə gün sonra prezident Corc Buşun qərarı ilə tətbiq edilib. Həmin vaxtdan fövqəladə vəziyyətin müddəti hər il artırılır. Buna səbəb kimi ABŞ-a qarşı terror təhlükəsinin hələ aradan qalxmadığı göstərilir. Ümumiyyətlə, İrana qarşı "fövqəladə vəziyyət" rejimi ilk dəfə ABŞ-ın eks-prezidenti Cimmi Karter tərəfindən 1979-cu il noyabrın 14-dən tətbiq edilib. Prezidentin bu fərmanı ilə ABŞ Maliyyə Nazirliyinə İranın bu ölkədəki maliyyə hesablarını, o cümlədən banklardakı, xarici filiallar və şöbələrdəki hesablarının dondurulması barədə göstəriş verilib.