Əli Həsənov Qazax və Sabirabad rayonlarında məcburi köçkünlər üçün salınan yaşayış komplekslərində olub Hadisə

Əli Həsənov Qazax və Sabirabad rayonlarında məcburi köçkünlər üçün salınan yaşayış komplekslərində  olub

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə Qazax və Sabirabad rayonlarında məcburi köçkünlər üçün salınan yaşayış komplekslərində olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə Qazax rayonuna gedən Ə. Həsənov tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirib.
Müşavirədə bildirilib ki, Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 4 mərtəbəli , 300 mənzilli binalar tikilir. Binalarda 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaq.
Ə. Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.
Ə. Həsənov həmin gün Sabirabad rayonuna gedərək həmin rayon ərazisində fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 440 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan qəsəbədə tikinti işlərinin gedişi ilə də maraqlanıb. Bildirilib ki, Sabirabad rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbənin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 44 ədəd 1 otaqlı, 198 ədəd 2 otaqlı, 176 ədəd 3 otaqlı, 22 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə, 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina tikilir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq. Ə. Həsənov qəsəbənin tikintisində çalışan tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.