Ermənilərin növbəti oğurluğu Hadisə

Ermənilərin növbəti oğurluğu

Müəllif Hüquqları Agentliyi (MHA) son günlər müxtəlif kütləvi informasiya vasitələrində təndirin ermənilər tərəfindən özününküləşdirməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş "tonir" variantı da buradan yaranıb) bişirirlər: "Təsadüfi deyil ki, ən qədim təndir Azərbaycan ərazisində tapılıb. Azərbaycanda təndirin "Çala", "Doyma", "Şirəli", "Qoyma", "Kürə" və digər növləri var. Azərbaycanda ən qədim təndir Eneolit dövrünə aiddir.
Yeraltı və yerüstü təndirlərdə müxtəlif lavaşlar, təndir çörəyi, bəyimçörəyi, müxtəlif xörəklər, qənnadı məmulatı hazırlanır.
Bu xüsusi gil sobalarında çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən istifadə edilərkən, "dəm qazı" əmələ gəlir. Elə "tindir" sözü də Azərbaycan dilində "dəm qazı" mənasını bildirir. Təndirdən istifadə edən xalqlar, bütün təndirlərin, o cümlədən erməni redaksiyasında verilən "tonir"lərin hava çəkən yeri - "külfə"si vardır. O, Azərbaycan dilində "kül üfürən" deməkdir. Bəllidir ki, "lavaş" çörəyi türk sözü "aş"-dan yaranıb. Onun ən nazik növünü isə azərbaycanlılar "yuxa", yaxud "yayma" kimi adlandırırlar. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirirlər və onlar ermənilər tərəfindən mənimsənilib".
Agentlikdən onu da bildiriblər ki, təndirlə bağlı Azərbaycan folklorunda əmək nəğmələri var: "Belə nəğmələrdən biri təndirbaşı adlanır. Təndirbaşı təndir qalanarkən, təndirə çörək yapılarkən oxunan nəğmələrə deyilir. Bəzi bölgələrdə təndirbaşı mərasim, şənlik şəklində olur. Qərb rayonlarında yaşlı qadınların keçirdikləri axşam məclisi təndirbaşı, yaxud təndirbaşında adlanır. Təndirbaşıların bir qismi sacasma adlanır. Sacasma sac üzərində lavaş bişirilərkən mahnı ilə müşahidə olunur.
Beləliklə təndirin Azərbaycanda və azərbaycanlılar yaşayan tarixi məkanlarda geniş istifadəsi ilə yanaşı təndir sözü Azərbaycan sözüdür, türk etimologiyasına malikdir və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır".