“Biz sadəcə ədalət istəyirik” Hadisə

“Biz sadəcə ədalət istəyirik”

Eldar İbrahimov: "Azərbaycanla təhdid, təzyiq dilində danışılmasının qeyri-mümkün olduğunu anlamalıdırlar"

Avroatlantik məkana inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da həmin məkanla, beynəlxalq qurumlarla əməkdaşlıq üçün bir o qədər lazımlıdır və əhəmiyyətlidir.
Bu fikri də artıq neçə illərdir ki, həm dövlət, həm ölkə prəhbərliyi, həm parlamentarilər, həm siyasilər səviyyəsində dəfələrlə açıq şəkildə bəyan etmişik, prinsipial mövqeyimizi dönmədən ortaya qoymuşuq.
Bu fikirləri Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib.
Onun sözlərinə görə, çox qısa zaman kəsiyində sürətli və dinamik inkişaf yolu keçən Azərbaycan regionun və dünyanın lider, aparıcı, söz və nüfuz sahibinə çevrilən dövlətlərindən biri olmaqla, Avropanın və dünyanın enerji təhlükəsizliyində, sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir.
O, qeyd edib ki, Azərbaycan müstəqil xarici və daxili siyasət kursu yeridən, heç kimin dirijor çubuğu ilə idarə olunmayan bir dövlət olaraq, beynəlxalq birlikdən, beynəlxalq təşkilatlardan, Avropa qurumlarından da onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını istəyir və tələb edir.
Eldar İbrahimovun fikrincə, bu, bizim haqqımızdır və heç zaman da dəyişməyəcək birmənalı mövqeyimizdir.
Komitə sədri bu baxımdan hesab edir ki, Azərbaycan artıq onunla zor, təhdid, şantaj, təzyiq, diktə dilində danışılmasını qəbul etmir və bundan sonra da qəbul etməyəcək: "Dəfələrlə demişik, bəyan etmişik ki, Azərbaycanla artıq heç kim, heç bir qüvvə, heç bir dövlət zor və təhdid dilində danışa bilməz və əgər kimlərsə də buna cəhd edərlərsə, edəcəklərsə, sərt təpki ilə üzləşəcək, qarşılığını lazımınca alacaqlar.
Çünki müstəqil Azərbaycan Avropaya da, dünyaya da açıq, şəffaf bir dövlətdir. Bizim hansısa məsələdə gizlədiləcək bir şeyimiz, kimdənsə, nədənsə qorxacağımız, ehtiyat edəcəyimiz bir məqam yoxdur. Biz nə istəyirik, biz sadəcə və sadəcə, Azərbaycana qarşı ədalətli mövqe sərgilənməsini, haqqın-ədalətin ortaya qoyulmasını, Azərbaycanın illərdən bəri məruz qaldığı, üzləşdiyi işğal faktının etiraf olunmasını və aradan qaldırılmasına əməldə köməklik göstərilməsini istəyirik. Burada qəbahətli nəsə var ki?!
Ancaq bunun əvəzində Azərbaycana qarşı ikili standartları, ədalətsiz və haqsız yanaşmaları, təcavüzkarın şirnikləndirilməsi cəhdlərini görürük və buna da haqlı olaraq öz sərt, barışmaz mövqeyimizi ortaya qoyuruq. Dediyim ki, Azərbaycan bütün beynəlxalq qurumlarla bərəbərhüquqlu əsaslar üzərində qurulan əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdır, o cümlədən, Avropa İttifaqı ilə də.
Artıq neçə illərdir ki, Azərbaycan Avropa İttifaqı ilə səmimi və konstruktiv əməkdaşlıq niyyətlərini nümayiş etdirir, "Şərt tərəfdaşlığı"nın üzvü kimi üzərinə düşən öhdəlikləri, işləri layiqincə yerinə yetirməyə çalışır. Lakin təəssüflər olsun ki, çox zaman qarşılığında bunun əksini görür. Son aylar, xüsusilə, artıq tarixə çevrilmiş çox yüksək səviyyəli Birinci Avropa Oyunları ərəfəsində istər Avropa İttifaqının bəzi rəsmillərinin, istərsə də birbaşa onun nəzarətində olan Avropa Parlamentinin çox ədalətsiz addımları, qərarları ilə üz-üzə qaldıq.

Xüsusilə, Avroparlament həmin ərəfədə anti-Azərbaycan kampaniyasının mərkəzində dayanan bir qüvvəyə çevrildi. İdmanı, Avropa Oyunlarını siyasiləşdirmək cəhdləri belə nümayiş etdirdi. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti də bununla bağlı öz mütəşəkkil mövqeyini ortaya qoydu, ölkəmizə yönələn məkrli cəhdləri uğurla dəf etdi. Ancaq artıq görünür ki, Azərbaycanla zor, şantaj dilində danışmağın mümkün olmamasını dərk etməyə başlayıblar.
Konkret olaraq Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, bu qurum Azərbaycanla əməkdaşlıqda maraqlıdır və az qala onlar tərəfindən yandırılmış körpünü bərpa etmək niyyətindədir. Onların nə dərəcədə səmimi olub-olmadığını gələcək zaman göstərəcək.
Ancaq elə bilirəm ki, bu, Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən digər beynəlxalq qurumlara da bir ibrət, bir dərs olmalıdır. Onlar da artıq Azərbaycanla təhdid, təzyiq dilində danışılmasının qeyri-mümkün olduğunu anlamalı, dərk etməli və bir an öz yanlış addımlarından geri çəkilməlidirlər. Bundan yalnız onlar özləri qazana bilərlər, bunun yalnız onların özünə xeyri olar.
Bir sözlə, Azərbaycan hələ uzun illər çoxlarına lazım olacaq, bizə hələ çox ehtiyac duyulacaq" - deyə, Eldar İbrahimov daha sonra sözlərinə əlavə edib.