“Rasim Əliyev görüntülərdən də hiss edilirdi ki, belə ölümcül vəziyyətdə deyildi” Hadisə

“Rasim Əliyev görüntülərdən də hiss edilirdi ki, belə ölümcül vəziyyətdə deyildi”

Yadigar Məmmədli: "Biz bunu Rafiq Tağı ilə bağlı da görmüşdik"

Avqustun 8-də bir qrup şəxsin döyməsi nəticəsində ağır və çoxsaylı bədən xəsarətləri alan, bir gün sonra yerləşdirildiyi xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin ölümündə şübhəli şəxslərin həbsi başlanıb. Jurnalistin döyülməsinə əsas səbəb kimi onun Facebook səhifəsində futbolçu Cavid Hüseynov haqqında yazdığı status qeyd edilir. Mərhum jurnalist Rasim Əliyev futbolçu Cavid Hüseynov haqqında belə yazmışdı:
"Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun məni Aavropa meydanlarında təmsil etməsini istəmirəm".
Məhz bu statusdan sonra futbolçunun qohumlarının jurnalisti döydüyü bildirilir.
Modern.az Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatlarından jurnalistin ölümünə münasibət öyrənib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, normal insan hər cür zorakılığa qarşıdır: "İnsan Yer üzünün ağıllı sakini hesab edilir. Ancaq çox təəssüf ki, bunu bilə-bilə insanlar biri-birilərinə qənim kəsilirlər. Biz jurnalist Rasim Əliyevin döyülərək öldürülməsini qəti pisləyirik. Məişət zəminində baş verən bu hadisə bizi də çox üzdü. Üzücü olaydır. Cinayətkarlar mütləq törətdikləri əməllərin adekvat cəzasını almalıdırlar. Artıq məsələ ilə bağlı güc strukturlarının rəsmi münasibəti var. Bu məişət zəminində baş verən olayın siyasiləşdirilməsi birmənalı olaraq yolverilməzdir".
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bu olayı biabırçılıq, rəzillik hesab edir. O qeyd edib ki, təkcə jurnalist deyil, istənilən vətəndaşın söylədiyi fikrə görə döyülüb öldürülməsi bir vəhşilikdir və hüquqa, dövlətə, hakimiyyətə həqarətdir:
"Ümumiyyətlə, belə şeylər özünü avropalı, mədəni, multikultrial, tolerant sayan cəmiyyət üçün biabırçılıqdır. Əgər hüquq-mühafizə orqanları kimisə tutublarsa, kimlərisə tutacaqlarsa, bununla kifayətlənməməlidirlər. Onların hamısı hüquqa uyğun öz cəzasını almalıdır. Fikrimcə, futbolçunun özü də cəzalanmalıdır. O da araşdırmalıdır ki, ona qarşı yazılan tənqid və hətta təhqir belə olsa da, nə üçün bu adamı öldürmək fikrinə kimsə düşə bilir. Əgər həkimlər biganəlik göstəribsə, onlar məsuliyyətə cəlb olunmalıdır. Nə üçün xəstəxanada yatır, ona lazımi yardım göstərilmir? Əgər həkimlər işləyə bilmirlərsə, deməli, bizdə həkim yoxdur və bunun da bir sıra səbəbləri var. Yəni bütün bunları xeyli dərindən araşdrımaq və özümüz üçün nəticə çıxartmalıyıq. Çünki bu gedişlə hara gedirik bilmirəm".
Jurnalistlərin ölümü ilə bağlı hadisələr baş verəndə çox təəccübləndiyini deyən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sözlərinə görə, hadisə hamını şoka salıb:"Faciəli ölümdür. Rasim Əliyevin ölümü hamını şoka saldı, insan ölümündən bir gün əvvəl normal danışıb, görüntülərdən də hiss edilirdi ki, belə ölümcül vəziyyətdə deyildi. Amma bir gün sonra ölüm xəbəri gəlib. Biz bunu Rafiq Tağı ilə bağlı münasibətdə də görmüşdük. Cinayəti törədənlər cəzalanmalıdır, jurnalistlərə qarşı bu cür davranış sorğulanmalıdır. Eyni zamanda, onu da qeyd etməliyik səhiyyəmiz çox bərbad vəziyyətdədir. Jurnalistin vəfat etdiyi yer sayılan tibb ocaqlarındadır. Amma Rafiq Tağı da həmin yerdə ölüb. Bu onu göstərir ki, burda ən elementar bilgilərə malik olan həkimlər yoxdur. Belə hallarda həkim xəstəni tam müayinə etməlidir. Həyəcan təbili çalınmalıdır ki, tibb ocaqları özlərini yığışdırsınlar, burada layiqli insanlar işləsin. Jurnalistin ölümü sarsıdıcıdır. Jurnalistin fikirləri özündən çox ictimai əhəmiyyət kəsb edir. Jurnalist bu fikirləri ictimaiyyət üçün yayır ki, onlar xəbərdar olsunlar. Ümid edirik ki, bu məsələdə günahkar olanlar cəzalandırılacaq . Bu, eyni zamanda həm həkimlərə, həm də belə davranış sərgiləyənlərə ibrət dərsi olmalıdır".