Konstitusiya Məhkəməsi intiharın araşdırılmasına dair proseduru müəyyənləşdirib Hadisə

Konstitusiya Məhkəməsi intiharın araşdırılmasına dair proseduru müəyyənləşdirib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsindən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi C.Hüseynin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü F.Həsənovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.