IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37

Azərbaycan-Ermənistan münasibətlərində sülhün taleyi və Zəngəzur dəhlizinin vacib seqmenti olan TRIPP layihəsinin icrası həlledici mərhələyə qədəm qoyur. Ermənistan Konstitusiya Məhkəməsinin son qərarından sonra proseslər siyasi bəyanatlardan praktiki addımlara keçəcəkmi?
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərindən sonra erməni cəmiyyətində revanşiszmi özündə ehtiva edən müzakirələr aparıldı. Əlbəttə, bu, bütövlükdə sülh prosesinə mənfi təsir edir və arzuolunmaz mənzərə yaradır. Bu proseslər fonunda TRIPP layihəsi ilə bağlı deputatlarla müzakirə apardıq.
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında vurğulayıb ki, sülh üçün atılmalı olan addımlar var və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
O bildirib ki, zaman keçdikcə, vaxt uzanarsa, sülhün əldə olunmasına yeni təhdidlər yarana bilər. Nəticə etibarilə, bu gün dünyada çox dinamik və çox sürətli hərbi-siyasi proseslər baş verir: “Ona görə də ilk növbədə Paşinyan revanşist ideologiya məsələsini həll etməlidir, Azərbaycana qarşı ərazi iddiası konstitusiyadan çıxarılmalıdır. Bu hüquqi-siyasi maneə aradan qalxana qədər marşrutun sürətlə həyata keçirilməsi mümkün olmayacaq. Və bu hüquqi-siyasi maneə aradan qalxdıqdan sonra, əlbəttə ki, marşrutun artıq sürətlə həyata keçirilməsi dövrü başlaya bilər ki, məncə, bu da önümüzdəki 2 ildə layihənin başa çatmasına imkan yarada bilər. Tam olmasa da, əsas hissəsini bitirmək olar”.
Deputat Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra növbəti hüquqi prosedurların həyata keçirilməsinin vacibliyini də qeyd edib: “Ona görə mənim düşüncəm ki, Ermənistan Konstitusiya Məhkəməsinin verdiyi qərar ilk, deməli, bundan sonrakı hüquqi prosedurları əhatə edir. Yəni Ermənistan parlamentində bu saziş ratifikasiya olunmalıdır ilin sonuna qədər. Bu hüquqi təminat bitsin ki, yerli layihənin icrası ilə bağlı addımlar atılmağa başlasın. Və təbii ki, mənə elə gəlir ki, sülhün davamı üçün yaxşı bir fürsətdir”.
“TRIPP regionda yeni geoiqtisadi reallıq yaradır”
Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, TRIPP mahiyyət etibarilə regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlmiş mühüm layihələrdən biridir: “Bu layihə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən bir seqmentidir. Ona görə də TRIPP-in reallaşması yalnız Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, daha geniş coğrafiyada – Asiyadan Avropaya qədər uzanan nəqliyyat marşrutlarının formalaşması baxımından əhəmiyyətlidir.
8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalarla regional kommunikasiyaların açılması istiqamətində siyasi iradə ortaya qoyulub. TRIPP artıq sadəcə müzakirə olunan ideya deyil, hüquqi və institusional çərçivəsi formalaşdırılan real layihədir”.
A.Badамov bildirib ki, TRIPP-in həyata keçirilməsi istiqamətində Ermənistan daxilində də hüquqi və institusional proseslər davam edir:
“Son olaraq Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP üzrə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri Konstitusiyaya uyğun hesab etməsi də bu baxımdan mühüm addımdır. Məhkəmənin 16 sentyabr tarixli qərarından sonra sazişin Ermənistan parlamentinə ratifikasiya üçün təqdim edilməsi nəzərdə tutulur.
Bundan başqa, TRIPP-in icrası üçün ayrıca institusional mexanizmlərin formalaşdırılması istiqamətində də iş aparılır. Ermənistan hökumətinin son müzakirələrində TRIPP Development Company-nin hüquqi və müqavilə bazası, şirkətin nizamnaməsi və səhmdarlar sazişi ilə bağlı məsələlər nəzərdən keçirilib”.
Deputatın sözlərinə görə, bütün bunlar layihənin artıq praktiki icra mərhələsinə keçdiyini göstərir:
“Bütün bunlar göstərir ki, layihə artıq siyasi bəyanat mərhələsindən tədricən praktiki icra mərhələsinə keçir.
TRIPP-in reallaşması Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından da əhəmiyyətlidir. Çünki kommunikasiyaların açılması yalnız nəqliyyat əlaqələrinin bərpası demək deyil. Bu, region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi, tranzit imkanlarının artması və qarşılıqlı asılılığın formalaşması deməkdir”.
A.Badамov qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyətini də artıra bilər: “Əgər bu layihə və regiondakı digər kommunikasiya xətləri tam şəkildə reallaşarsa, Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyəti də daha da arta bilər. Asiya ilə Avropa arasında yükdaşımaların daha təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün yeni imkanlar yarana bilər.
Ona görə TRIPP layihəsinə yalnız bir nəqliyyat layihəsi kimi baxmaq düzgün olmaz. Bu layihə Cənubi Qafqazda yeni geoiqtisadi reallığın formalaşmasına təsir göstərə biləcək amillərdən biridir”.
Deputat vurğulayıb ki, TRIPP-in reallaşması həm Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinə, həm də regionun nəqliyyat və iqtisadi xəritəsinə təsir göstərə bilər: “TRIPP-in reallaşması həm Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin möhkəmlənməsinə, həm də regionun nəqliyyat və iqtisadi xəritəsinin dəyişməsinə təsir göstərəcək. Ən mühüm məsələ isə əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi və regionda kommunikasiyaların real olaraq açılmasıdır”.
“Kommunikasiyaların açılması praktiki mərhələyə keçir”
Milli Məclisin deputatı Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə açıqlamasında nəzərə çatdırıb ki, TRIPP layihəsinin icrası ilə bağlı son günlər atılan addımlar Azərbaycan-Ermənistan münasibətlərində kommunikasiyaların açılması prosesinin praktiki mərhələyə keçdiyini göstərir.
Deputat Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP sazişi üzrə öhdəlikləri ölkə Konstitusiyasına uyğun hesab etməsini mühüm addım kimi qiymətləndirib.
Onun sözlərinə görə, növbəti mərhələdə sazişin Ermənistan parlamentində ratifikasiya olunması gözlənilir. “Əsas məsələ qəbul edilən qərarların real icra mexanizmləri ilə müşayiət olunmasıdır”, – deyə A.Əlizadə vurğulayıb.
Deputat qeyd edib ki, TRIPP layihəsi Azərbaycan-Ermənistan sülh gündəliyinin mühüm elementlərindən biridir: “Regionda kommunikasiyaların açılması yalnız nəqliyyat imkanlarının genişlənməsi demək deyil. Bu proses, eyni zamanda, qarşılıqlı iqtisadi asılılığın və etimadın artmasına xidmət edir. Azərbaycan üçün əsas gözlənti kommunikasiyaların suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipləri əsasında maneəsiz və dayanıqlı fəaliyyət göstərməsidir”.
A.Əlizadə bildirib ki, TRIPP çərçivəsində dəmir yolu, avtomobil yolları, enerji və digər infrastruktur layihələrinin həyata keçirilməsi təşəbbüsün regional əhəmiyyətini daha da artırır.
Onun sözlərinə görə, növbəti mərhələdə siyasi razılaşmalar konkret texniki və hüquqi addımlarla tamamlanmalıdır: “Sülh prosesinin davamlı olması üçün kommunikasiyaların açılması real iqtisadi və nəqliyyat layihələrinə çevrilməlidir”.
Deputat Azərbaycanın öz ərazisində bu istiqamətdə işləri davam etdirdiyini vurğulayıb. O qeyd edib ki, Ermənistan ərazisində də praktiki prosesin irəliləməsi region üçün yeni imkanlar yarada bilər: “TRIPP-in həyata keçirilməsi Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə, regional inteqrasiyanın sürətlənməsinə və Cənubi Qafqazın nəqliyyat xəritəsinin yenilənməsinə xidmət edə bilər”.
Günel Elxan