IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37

Ölkənin dağ-mədən və metallurgiya sənayesini kökündən dəyişəcək, milyardlarla manatlıq gəlir gətirəcək və minlərlə yeni iş yeri açacaq 2027–2030-cu illər Dövlət Proqramının pərdəarxası məqamları bəlli olub. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən strateji müşavirədə xammalın xaricə ucuz ixracına son qoyacaq, xüsusilə Kəlbəcər, Ağdərə və Zəngilandakı zəngin qızıl və mis yataqlarını tam gücü ilə iqtisadiyyata qazandıracaq misilsiz plan elan edilib. Bəs bu nəhəng layihə regionların taleyini necə dəyişəcək və standartları pozan şirkətləri hansı sərt cəzalar gözləyir?
Azərbaycanın dağ-mədən sənayesində “Dəyər Zənciri” modeli
Mövzu ilə bağlı Milli Məclisin deputatı Əli Məsimli “Xalq Cəbhəsi”nə açıqlamasında Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib: “Müşavirədə dağ-mədən sənayesinin keçmişi, mövcud vəziyyəti və 2027–2030-cu illəri əhatə edən dördillik Proqram üzrə yeni strategiya ətraflı təhlil edilib.
Müşavirədə Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxunub.
Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi, ölkəmizdə dağ-mədən sənayesinin lazımi səviyyədə inkişaf etməməsi həm obyektiv, həm də subyektiv səbəblərlə bağlı olub. Obyektiv səbəb kimi sovet dövründə kəşf edilmiş bir çox zəngin qızıl, mis və molibden yataqlarının böyük hissəsinin uzun illər Ermənistanın işğalı altında qalması, talan edilməsi və ekoloji terrora məruz qalması göstərilib. Eyni zamanda metal filizləri üzrə geoloji kəşfiyyat işləri arxa planda olub. Ona görə bizim bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq ediləcək”.
Deputatın sözlərinə görə, “Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ölkənin mineral resurslarından daha səmərəli istifadə etmək, dağ-mədən, metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır: “Bu Proqram Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində çox mühüm bir strateji addımdır.
Bu Proqram mahiyyət etibarilə nəhəng investisiya proqramıdır. Onun reallaşmasına 5,3 milyard manat sərmayə qoyulması nəzərdə tutulur. Dövlət proqramının uğurla icra edilməsi üçün həm dövlət, həm də özəl sektorun resurslarının səfərbər olunması, o cümlədən xarici investorların cəlb edilməsi nəzərdə tutulur”.
Ə.Məsimli bildirib ki, Proqramda dağ-mədən və metallurgiya sənayesinin səmərəli fəaliyyəti üçün üç mühüm məsələyə xüsusi yer verilib: “Birincisi, Proqramın strategiyası tam Dəyər Zəncirinin Yaradılması üzərində qurulub. Bu cür yanaşma təbii resursları sadəcə xammal (filiz) kimi ixrac etmək yox, dəmir filizi, alüminium, mis və qızılın ölkə daxilində tam emal edilərək yüksək əlavə dəyər yaradan son məhsula çevrilməsini nəzərdə tutur. Proqramın qısa müddətli olması, cəmi 4 il ərzində həyata keçirilməsinin nəzərdə tutulması dağ-mədən və metallurgiya sahələrinin sürətlə modernləşdirilməsini və iqtisadi dövriyyəyə daxil edilməsini tələb edir. Proqram çərçivəsində filizlərin ölkə daxilində emalı üçün zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodlarının yaradılması hədəflənir. Bu, metalın xammal kimi ucuz ixracının qarşısını alacaq. Filizin daşınmasını iqtisadi cəhətdən səmərəli etmək üçün nəqliyyat tariflərində xüsusi güzəştlərin tətbiqi nəzərdə tutulur.
İkincisi, Proqramın reallaşdırılması prosesində ən qabaqcıl texnologiyalardan istifadə edilməsi prioritet təşkil edir.
Üçüncüsü, investorların qarşısında ciddi ekoloji tələblər qoyulub. AZƏRQOLD daxil olmaqla, bütün şirkətlərin fəaliyyəti təbiətin, ətraf mühitin maksimum qorunması prinsipi ilə tənzimlənəcək. Hər bir yeni zavod və ya yatağın işlənməsi layihəsi icra olunmazdan əvvəl ən yüksək səviyyədə ekoloji ekspertizadan keçiriləcək. İstehsalat prosesində hava, su və torpaq resurslarının çirklənməsinin qarşısını alan müasir texnologiyaların tətbiqi məcburi olacaq. Müşavirədə dövlət başçısı tərəfindən xüsusi vurğulanıb ki, standartlara və ekoloji normalara əməl etməyən, habelə üzərinə götürdüyü öhdəlikləri pozan şirkətlərə qarşı dövlət tərəfindən sərt sanksiyaların və cəza tədbirlərinin tətbiq olunacaq”.
Deputat vurğulayıb ki, Dövlət Proqramı birbaşa regionların sosial-iqtisadi inkişafı strategiyası ilə uzlaşır: “Yataqların çoxu bölgələrdə yerləşdiyindən, əsas investisiya və canlanma regionlara yönələcək. Yataqların müasir texnologiyalarla istismarı regionların sosial-iqtisadi inkişafına birbaşa təkan verəcək. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə - Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən və istismarda olan qızıl, mis, molibden yataqları işə salınacaq. Bu layihənin reallaşdırılması işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qoşulmasında mühüm rol oynayacaq”.
Ə.Məsimli qeyd edib ki, Proqramın reallaşması nəticəsində dövlət büdcəsinə vergilər şəklində böyük vəsait daxil ola bilər: “Bir sözlə, əgər “Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulanlar dolğun və sistemli şəkildə həyata keçilsə, bu sahənin geniş inkişafı ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsində, regionların inkişafına təkan verilməsində, yerlərdə məşğulluq dairəsinin genişlənməsində, güclü ixrac potensialı yaradılaraq qeyri-neft sektorunun eksport imkanlarının artmasında mühüm rol oynaya bilər”.
“Qeyri-neft ixracında yeni hədəflər”
Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərin Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Deputat qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız yeni istehsal müəssisələrinin yaradılması deyil, eyni zamanda regionların iqtisadi potensialının gücləndirilməsi baxımından da əhəmiyyətlidir: “Bu günə qədər neft-qaz gəlirləri əsasən Bakı və Abşeron bölgəsində iqtisadi fəallığın artmasına ciddi təsir göstərib. İndi isə Qarabağda, Şərqi Zəngəzurda, Balakəndə və Naxçıvanda yeni sənaye müəssisələrinin yaradılması regionların iqtisadi fəallığının daha da yüksəlməsinə imkan verəcək. Bu proses mərkəz və regionlar arasındakı iqtisadi fərqin azalmasına da öz töhfəsini verə bilər”.
N.Həmzəyev vurğulayıb ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda sənaye istehsalının inkişaf etdirilməsi həmin ərazilərə qayıdan əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır:
“Qarabağ və Naxçıvan kimi bölgələrdə kənd təsərrüfatı və tikinti ilə yanaşı, sənaye istehsalının da əsas iqtisadi dayaqlardan birinə çevrilməsi nəzərdə tutulur. Bu, regionların iqtisadiyyatının şaxələndirilməsinə imkan verəcək. Yeni müəssisələrin yaradılması minlərlə daimi iş yerinin açılması deməkdir. Xüsusilə Qarabağa köçən ailələr üçün insanların öz yaşadıqları ərazilərdə iş imkanlarının olması olduqca vacibdir. Bu, onların iş üçün paytaxta üz tutmaq məcburiyyətini də azaldacaq.
Yeni Dövlət Proqramı çərçivəsində yaradılacaq zənginləşdirmə, pelet və dəmir zavodları xammalın daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsinə şərait yaradacaq. Filizin yalnız xammal kimi ixrac edilməsi ilə müqayisədə onun ölkə daxilində emal olunaraq hazır və ya yarımfabrikat məhsula çevrilməsi daha böyük iqtisadi imkanlar yaradır. Bu baxımdan yeni zavodların tikilməsi Azərbaycanın əlavə dəyər zəncirində mövqeyini gücləndirə bilər. Eyni zamanda, filizin daşınması üçün nəzərdə tutulan tarif güzəştləri nəqliyyat sektoruna da əlavə imkanlar yaradacaq. Dəmir yolu və avtomobil daşımalarının genişlənməsi ilə yanaşı, tikinti materialları, avadanlıq və texniki xidmət sahələrində də iqtisadi aktivliyin artması gözlənilir”.
N.Həmzəyev qeyd edib ki, dağ-mədən sənayesinin inkişafı geoloji kəşfiyyat, ekoloji nəzarət, texniki xidmət və digər istiqamətlərdə də yeni ixtisaslı kadrlara tələbat formalaşdıracaq: “Bu proqramın mühüm istiqamətlərindən biri də Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsidir. Hazır metallurgiya məhsullarının istehsalı və ixracı ölkəyə daha çox gəlir gətirə bilər. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsinə və neft-qaz gəlirlərindən asılılığın tədricən azaldılmasına xidmət edən istiqamətlərdən biri kimi qiymətləndirilə bilər. 2027-2030-cu illəri əhatə edən proqramın qarşıya qoyduğu hədəflər Azərbaycanın sənaye potensialının artırılmasına hesablanıb.
Prezident İlham Əliyevin müşavirədə qarşıya qoyduğu hədəflər kifayət qədər genişdir. 2030-cu ilə qədər bu sektorun ölkə iqtisadiyyatına 1,8 milyard manat töhfə verməsi, “AzerGold”un gəlirlərinin 1 milyard manata çatdırılması nəzərdə tutulur. Əgər qarşıya qoyulan layihələr ardıcıl şəkildə həyata keçirilərsə, bunun təsiri yalnız ayrı-ayrı bölgələrlə məhdudlaşmayacaq. Bu proses Azərbaycanın ümumi sənaye istehsalına, qeyri-neft ixracına, məşğulluğa və regionların sosial-iqtisadi inkişafına təsir göstərə bilər”.
Naqif Həmzəyev əlavə edib ki, dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, ekoloji təhlükəsizlik məsələləri də diqqətdə saxlanılmalıdır: “Bu sahədə iqtisadi səmərəliliklə yanaşı, ətraf mühitin qorunması da əsas şərtlərdən biri olmalıdır. Yeni layihələrin ən yüksək ekoloji standartlara uyğun həyata keçirilməsi həm təbii sərvətlərin qorunması, həm də gələcək nəsillər üçün dayanıqlı inkişaf baxımından vacibdir”.
Günel Elxan