IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37

Son dövrlərdə Avropanın təhlükəsizlik sistemində ciddi transformasiya müşahidə olunur. NATO daxilində etimadın zəifləməsi, ABŞ-ın təhlükəsizlik məsələlərində mövqeyinin zaman-zaman qeyri-müəyyən görünməsi və xüsusilə Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar Avropa İttifaqını alternativ mexanizmlər üzərində düşünməyə vadar edir.
Bu kontekstdə Aİ-nin Lissabon müqaviləsində yer alan 42.7-ci maddəsinə maraq artıb və bu maddə kollektiv müdafiə aləti kimi daha çox gündəmə gətirilir. Paralel olaraq, Avropa ölkələri müdafiə xərclərini artırır, birgə hərbi təşəbbüslər formalaşdırılır və “strateji muxtariyyət” anlayışı daha aktiv müzakirə olunur. Bütün bunlar Avropanın uzun illər NATO-ya əsaslanan təhlükəsizlik modelindən tədricən uzaqlaşa biləcəyi ehtimalını gündəmə gətirir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen 16 sentyabr 2026-cı il tarixli “Avropa İttifaqında vəziyyət” (State of the Union) çıxışında Avropanın təhlükəsizlik və müdafiə arxitekturasının gücləndirilməsi üçün yeni mexanizmlər və Avropa Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib. O, Ukrayna, Böyük Britaniya, Norveç və Kanadanın da daxil olacağı Avropa Təhlükəsizlik Şurasının yaradılmasını, habelə NATO-nun 4-cü maddəsinə əlavə olacaq Fövqəladə Təhlükəsizlik Protokolunu təklif edib. Təklif Rusiyanın Avropa ərazisində artan hibrid hücumları və Vaşinqtonla münasibətlərdəki gərginlik fonunda səsləndirilib.
Von der çıxışında kiberhücumlar, təxribatlar, yanğınlar və dron hücumları kimi hibrid təhdidlərin getdikcə daha az "hibrid" xarakter daşıdığını, həmçinin Danimarka, Litva, Polşa və Leypsiqdə keçən həftə baş verən insidentlərin Rusiyanın Avropa ərazisindəki eskalasiyasını sübut etdiyini bildirib. Ukrayna üçün Patriot zenit raketlərinin alınması və "Freya" layihəsi əsasında birgə hava hücumundan müdafiə sisteminin yaradılması vəd edilib. Avropa Xalq Partiyasının fraksiya rəhbər təklifi dəstəkləyib, "27 bonsai ordusu" ifadəsini işlədərək birgə komanda strukturları, Avropa dronları və peykləri çağırışı edib.
Hələ bir il öncə Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, Avropa heç birimizin görmədiyi miqyasda açıq təhlükə ilə üz-üzədir. Polşanın baş naziri Donald Tusk qeyd edib ki, hazırkı vəziyyətdə Avropa silahlanma yarışına girməli və qalib gəlməlidir. Onun sözlərinə görə, Aİ müdafiə sənayesi üçün maliyyənin artırılması təşəbbüsləri bu yolda ilk addımdır. “Euroaktiv” nəşrinin sammit ərəfəsində yazdığı kimi, Avropa İttifaqını parçalayan, ABŞ-la münasibətləri çətinləşdirən Ukraynaya dəstək məsələsinin ikinci plana salınması qərara alınıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın Kiyevə 20 milyard dollarlıq yardım paketi təqdim etmək təklifi yekun bəyanat layihəsindən çıxarılıb. Bu təşəbbüs Macarıstan tərəfindən əngəllənib.
Ötən ilin martın əvvəlində Avropa İttifaqı təhlükəsizlik siyasətində ciddi dəyişiklik edərək “ReArmEurope” (“Avropanı Yenidən Silahlandırmaq”) planını qəbul edib. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen tərəfindən ictimaiyyətə açıqlanan bu qərar, Rusiya ilə artan gərginlik, ABŞ-ın təhlükəsizlik təminatları ilə bağlı qeyri-müəyyənlik və Ukraynada davam edən müharibə fonunda verilib. Təşəbbüs hava hücumundan müdafiə sistemləri, hərbi sursat (munitions), kiber hücumlardan müdafiə sistemləri, dronlar və anti-dron sistemlərinin və digər mühüm hərbi təchizatın əldə edilməsi və Rusiya və Belarus ilə sərhəd zonada təhlükəsizliyin artırılmasını nəzərdə tutur.
Xatırladaq ki, Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfi (SETA) tərəfindən “Avropa Təhlükəsizlik Arxitekturası: Ayrışan Təhdidlər, Hərbi Reallıqlar və NATO 2026” adlı hesabat dərc edilib. Hesabatda Avropa ölkələrinin təhlükə qavrayışları, strateji yanaşmaları və hərbi dinamikaları təhlil edilib.
Sənəddə qeyd olunur ki, Avropa NATO-nun 2026-cı il Ankara Sammitinə vahid təhlükəsizlik konsepsiyası ilə deyil, müxtəlif təhlükə qavrayışları, iqtisadi imkan fərqləri və milli prioritetlər əsasında formalaşmış parçalanmış müdafiə sistemi ilə daxil olur.
Hesabatda vurğulanır ki, Avropa ölkələrinin 2022-ci ildən sonra qəbul etdikləri milli təhlükəsizlik sənədlərində Rusiya ortaq təhlükə kimi qiymətləndirilsə də, qitədə üç fərqli təhlükəsizlik yanaşması formalaşıb.
Bildirilir ki, Finlandiya, Estoniya və Latviya da daxil olmaqla Şərqi Avropa və Baltik ölkələri mümkün Rusiya hücumunu təcili və yaxın hərbi təhlükə hesab edirlər. Bunun əksinə olaraq Almaniya, Niderland və Belçika kimi Qərbi Avropa ölkələri həmin təhlükəni idarəolunan və sistemli çağırış kimi qiymətləndirirlər.
İtaliya və İspaniya da daxil olmaqla Cənubi Avropa ölkələri isə qeyri-qanuni miqrasiya, Aralıq dənizi hövzəsində sabitliyin pozulması və Afrikadan qaynaqlanan təhlükəsizlik risklərini əsas təhlükələr hesab edirlər.
Hesabat müəllifləri hesab edirlər ki, NATO-nun 2026-cı il Ankara Sammiti Avropadakı təhlükəsizlik fərqlərini aradan qaldırmaqdan daha çox, region ölkələrinin ABŞ-dən asılılığının gələcək istiqamətlərini müəyyən edəcək. Bununla yanaşı, sammitin müxtəlif təhlükəsizlik prioritetlərinə malik ölkələr arasında körpü rolunu oynayacağı vurğulanır.
Politoloq Çingiz Şahabzil qəzetimizə açıqlamasında deyib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen 16 sentyabr 2026-cı il çıxışında, Avropanın öz təhlükəsizlik və müdafiə arxitekturasının gücləndirilməsi ilə bağlı irəli sürdüyü təklif, əslində Avropa təhlükəsizlik mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir, nəinki, NATO-ya alternativ olan "Avropa NATO-su"nun qurulmasına.
"Burada söhbət ondan gedir ki, əgər Aİ ölkələrindən biri dron hücumu və yaxud da sobataj, kiberhücum və sairə kimi, yəni açıq müharibə səviyyəsinə hələ çatmayan təhlükə ilə üz-üzə gələrsə, bütün Aİ ölkələrinin koordinasiyalı şəkildə toplanması və cavab tədbirlərinin razılaşdırılmasını nəzərdə tutur.
Bura Avropa İttifaqı ölkələri ilə yanaşı Böyük Britaniya, Norveç, Kanada və hətta Ukraynanın da iştirak edə biləcəyi yeni təhlükəsizlik formatının qurulmasından söhbət gedir" - o, qeyd edib.
Şahbazinin fikrincə, Avropanın real hərbi imkanlarının artırılması və hava hücumlarından müdafiə və strateji nəqliyyat, havada yanacaq doldurma, peyklər, kiber imkanlar və bu istiqamətdə digər sahələrə də daha çox sərmayə qoyulması planlaşdırılır:
"Bunu "Avropa NATO-su" adlandırmaqda da məqsəd odur ki, məntiq baxımından oxşarlıqlar çoxdur. Lakin hüquqi və hərbi baxımdan fərqlənirlər. NATO - nun 5-ci maddəsinə görə silahlı hücumu kollektiv müdafiə məsələsinə çevirir. Fon der Leyenin təklif etdiyi mexanizm isə əsasən 5-ci maddədən əvvəlki "boz zona" təhlükələrinə qarşı kollektiv reaksiya mexanizmi yaratmağa yönəlib. Yəni təklif, Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət götürməsini bəyan edir və arxasında birgə silah istehsalından tutmuş, hərbi təlimlərə qədər birgə təhlükəsizliyin təminatını nəzərdə tutur.
Bu baxımdan hesab edirəm ki, məsələnin ən mühüm tərəfi odur ki, Avropanın NATO-dan ayrıca təhlükəsizlik sistemi yaratması həmçinin NATO-nun özünü də gücləndirəcək və 27 ölkənin ayrı-ayrılıqda silah alması və müdafiə sənayesini parçalı şəkildə saxlaması ciddi problemlər yarada bilər. Bu istiqamətdə verilən təkliflər heç şübhəsiz ki, müdafiə sənayesinin inteqrasiyası və birgə layihələrin vasitəsilə bunu azaltmağa yönəlib. Həmçinin Avropa İttifaqı NATO -dan asılılığını bununla kifayət qədər azaldacaq, qənaətindəyəm".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, bu təşəbbüs "Avropa NATO-su" kimi xarakterizə oluna bilər. Belə bir təhlükəsizlik mexanizmində NATO-nun 4-cü və 5-ci maddələrinə bənzər qarşılıqlı müdafiə öhdəliklərinin tətbiqi məsələsidir: “Rusiyanın artan hərbi təhdidləri və Avropanın təhlükəsizliyinə dair qayğıları Avropa ölkələrini hərbi baxımdan daha ciddi təşkilatlanmağa sövq edir. Eyni zamanda, ABŞ-ın Avropanın təhlükəsizliyində əvvəlki səviyyədə rol oynayıb-oynamayacağı ilə bağlı müzakirələr də Avropada strateji muxtariyyət məsələsini aktuallaşdırıb. Avropa İttifaqının əsas məqsədlərindən biri öz müdafiə imkanlarını gücləndirmək və qlobal sistemdə daha müstəqil siyasi mərkəz kimi çıxış etməkdir.
Fransa uzun müddətdir Avropanın strateji muxtariyyəti və müstəqil müdafiə imkanlarının yaradılması ideyasını dəstəkləyir. Lakin Avropa ölkələrinin belə bir təşəbbüs ətrafında konsensusa gəlməsi asan görünmür. Çünki ayrıca hərbi ittifaqın yaradılması NATO ilə münasibətlərin suallar yarada bilər. NATO-nun zəifləməsi isə transatlantik təhlükəsizlik sisteminin və bütövlükdə Qərb təhlükəsizlik arxitekturasının dağılmasına gətirib çıxara bilər.
Qeyd edim ki, NATO artıq təxminən 80 ildir ki, fəaliyyət göstərir və Avropa ilə ABŞ arasında uzunmüddətli müttəfiqlik münasibətləri formalaşıb. Ona görə də Avropanın yeni təhlükəsizlik mexanizmi yaratması mütləq şəkildə NATO-nun ləğvi deməkdir . Daha çox Yeni dünya siyasi nizamının formalaşdığı bir dövrdə Avropanın daha müstəqil geosiyasi mərkəzə çevrilmək potensialı var. Gələcəkdə Avropanın təhlükəsizlik təşəbbüslərinin Cənubi Qafqaza da müəyyən təsirləri istisna deyil. Azərbaycan, Ermənistan və Gürcüstana müxtəlif tərəfdaşlıq və təhlükəsizlik formatlarının təklif edilməsi ehtimalı mümkündür.
Azərbaycan isə paralel olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və müdafiə əməkdaşlığının daha da inkişaf etdirilməsini istəyir. Bu baxımdan gələcəkdə həm Avropada, həm də Türk dünyasında formalaşacaq təhlükəsizlik mexanizmləri yeni regional və qlobal təhlükəsizlik arxitekturasının mühüm elementlərinə çevrilə bilər".
Cavid