IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37

Birləşmiş Millətlər Təşkilatının (BMT) dünyada baş verən münaqişələrin, müharibələrin dayandırılması və sülhün əldə edilməsində, həmçinin ölkələr arasında dialoqun qurulmasındakı rolu son zamanlar ciddi mmüzakirə mövzusudur. Bu baxımdan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutan müzakirələr də diqqət çəkir.
Qeyd edilir ki, sentyabrın 28-dək davam edəcək müzakirələrdə təxminən 130 dünya liderinin BMT-nin mənzil-qərargahında bir araya gələcəyi gözlənilir. Sessiyanın əsas mövzusu isə “Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: hamının rifahı naminə çalışan BMT”dir.
Bildirilir ki, sessiyanın əsas mövzuları sırasında Yaxın Şərq və Ukraynadakı vəziyyət, süni intellekt, beynəlxalq təhlükəsizlik və BMT-nin gələcəyi yer alır.
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.
Politoloq Yusif Bağırzadə deyib ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli müzakirələri beynəlxalq sistemin qarşısında duran əsas problemlərdən birinin, yəni uzanan münaqişələr şəraitində çoxtərəfli diplomatiyanın effektivliyinin yenidən gündəmə gəlməsinə səbəb olur: “Sessiyanın “Etimadın bərpası, dəyişikliklərin idarə edilməsi: hamının rifahı naminə çalışan BMT” mövzusu da bu baxımdan təsadüfi deyil. Yaxın Şərq və Ukrayna müharibələri BMT-nin münaqişələrin həllində imkanlarını və eyni zamanda institusional məhdudiyyətlərini paralel şəkildə nümayiş etdirir”.
Əsas məsuliyyət
Y.Bağırzadə qeyd edib ki, BMT Nizamnaməsinə əsasən, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə düşür: “Şura münaqişələri araşdırmaq, tərəflər arasında razılaşmanın yollarını tövsiyə etmək, sanksiyalar tətbiq etmək və müəyyən hallarda daha sərt tədbirlər görmək səlahiyyətinə malikdir. Lakin Təhlükəsizlik Şurasında daimi üzvlərin veto hüququ böyük güclər arasında fikir ayrılıqları yarandıqda kollektiv qərarların qəbulunu çətinləşdirə bilir. Bu, xüsusilə Ukrayna və Yaxın Şərq kimi böyük geosiyasi maraqların toqquşduğu məsələlərdə BMT-nin siyasi manevr imkanlarını məhdudlaşdıran amillərdən biridir. Bununla belə, BMT-nin rolunu təkcə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların sayı ilə ölçmək də düzgün olmaz. Təşkilatın Baş Assambleyası dövlətlərin mövqelərinin ifadəsi, beynəlxalq legitimliyin formalaşdırılması və diplomatik təmasların saxlanılması üçün universal platforma olaraq qalır. Dövlətlərin hər birinin Baş Assambleyada bir səsi var və bu, böyük dövlətlərlə digər ölkələr arasında siyasi dialoq üçün unikal format yaradır”.
Humanitar və diplomatik funksiyalar
Politoloqun fikrincə, Yaxın Şərq məsələsində BMT-nin humanitar və diplomatik funksiyaları xüsusilə əhəmiyyətlidir: “2026-cı ilin iyununda Baş katib Antonio Quterreş Təhlükəsizlik Şurasında çıxışı zamanı regiondakı eskalasiyanın sərhədlərdən kənara yayılan təhlükələr yaratdığını, siyasi həll və dialoqun zəruriliyini vurğulayıb. Bu, BMT-nin sadəcə atəşkəs çağırışları edən qurum deyil, həm də vasitəçilik, humanitar yardım, beynəlxalq hüquq normalarının müdafiəsi və siyasi dialoq üçün platforma olduğunu göstərir. Ukrayna məsələsində də oxşar yanaşma aktualdır. BMT-nin əsas üstünlüyü tərəflər arasında birbaşa razılaşmanı məcbur etməkdən daha çox, diplomatik kanalları açıq saxlamaq, beynəlxalq hüququn prinsiplərini gündəmdə saxlamaq və mümkün siyasi həll üçün çoxtərəfli platforma yaratmaqdır”.
81-ci sessiyanın əsas sınağı
O əlavə edib ki, Ukrayna və Yaxın Şərq müharibələri BMT-nin zəifliyi ilə yanaşı, mövcud beynəlxalq sistemin ziddiyyətlərini də üzə çıxarır: “Təşkilatın münaqişəni təkbaşına dayandırmaq imkanları məhdud olsa da, onun universal legitimliyi, diplomatik infrastrukturu, humanitar imkanları və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməsi əhəmiyyətini qoruyur. 81-ci sessiyanın əsas sınağı da məhz bundan ibarətdir ki, BMT böyük dövlətlər arasındakı fikir ayrılıqlarını tam aradan qaldıra bilməsə belə, həmin fikir ayrılıqları şəraitində dialoq, vasitəçilik və siyasi həll imkanlarını nə dərəcədə qoruyub saxlaya biləcək”.
Ən universal platforma
Siyasi şərhçi Elnur Ənvəroğlu qeyd edib ki, formal baxımdan BMT hələ də münaqişələrin diplomatik həlli üçün ən universal platformadır: “193 üzv dövlətin hər birinin Baş Assambleyada təmsil olunması təşkilata digər beynəlxalq formatlardan fərqli legitimlik verir. Ukrayna və Yaxın Şərq məsələlərində də Baş Assambleya üzv dövlətlərin mövqelərini ortaya qoymaq, qətnamələr qəbul etmək, humanitar məsələləri gündəmdə saxlamaq və diplomatik təmas üçün siyasi məkan yaratmaq imkanına malikdir. Amma mahiyyət baxımdan BMT son dövrlərdə ciddi tənqid olunur. Bu da onun qətnamələri icra etmə qabiliyyətinin qənaətbəxş olmamasıdır. Ən bariz nümunə bizim keçmiş Qarabağ münaqişəsidir və onunla bağlı BMT qətnamələrinin təsirsizliyi. Məlumdur ki, qətnamənin qəbul edilməsi ilə müharibənin dayandırılması eyni şey deyil. BMT münaqişənin siyasi və hüquqi çərçivəsini müəyyənləşdirə, tərəflərə danışıqlar üçün platforma təqdim edə və beynəlxalq təzyiq formalaşdıra bilər. Amma son vaxtlar həm Yaxın Şərqdə, hətta vaxtilə Qarabağda BMT fəaliyyətindəki hər hansı bir kəsərliliyə şahid ola bilmədik”.
Arbitraj qərarlar
E.Ənvəroğlu düşünür ki, BMT qoca bir təşkilatdır və bu boşluqda güc dövlətləri yararlanaraq müharibələrin davam etdirilməsi və ya dayandırılması baxımdan arbitraj qərarlar verə bilir: “Nəticədə BMT sadəcə formal bir instituta çevrilir. BMT Assambleyasının 81-ci sessiyasına gəlincə isə düşünürəm əsas hədəfdə yenə Rusiya-Ukrayna və ABŞ-İran müharibələri, habelə ABŞ-Çin ticarət əlaqələri dayanacaq. Yekun nəticəni isə görüşdən sonra dəqiq bilmək olacaq”.
Bütün tərəfləri eyni masada toplama...
Politoloq Elman Telmanoğlu diqqətə çatdırıb ki, Yaxın Şərqdə və Ukraynada davam edən müharibələr fonunda BMT-nin əsas problemi onun münaqişələrin mövcudluğunu müəyyən etməsi deyil, həmin münaqişələri dayandırmaq üçün siyasi iradəni üzv dövlətlər arasında formalaşdıra bilməsidir: “81-ci Baş Assambleya sessiyasının gündəliyində Ukrayna, Yaxın Şərq və beynəlxalq təhlükəsizlik məsələlərinin ön plana çıxması BMT-nin hələ də qlobal diplomatiyanın əsas platformalarından biri olduğunu göstərir Eyni zamanda, təşkilatın münaqişələrin həllində imkanlarının böyük dövlətlər arasındakı siyasi fikir ayrılıqları ilə məhdudlaşdığı da açıq görünür. BMT-nin gücü ilk növbədə bütün tərəfləri eyni masa arxasında toplamaq, beynəlxalq hüququn prinsiplərini gündəmdə saxlamaq, humanitar mexanizmləri işlətmək və danışıqlar üçün diplomatik kanal yaratmaq imkanındadır. Ukrayna məsələsində də hazırda əsas diqqətlərdən biri atəşkəs və enerji infrastrukturuna zərbələrin dayandırılması kimi konkret istiqamətlər üzrə diplomatik təmaslara yönəlib”.
Yaxın Şərq və Ukrayna böhranları göstərir ki…
E.Telmanoğlunun sözlərinə görə, lakin Yaxın Şərq və Ukrayna böhranları göstərir ki, BMT-nin siyasi çəkisi yalnız təşkilatın öz institusional imkanlarından asılı deyil: “Təhlükəsizlik Şurasının daimi üzvləri arasında dərin fikir ayrılıqları yarandıqda kollektiv qərarların qəbul edilməsi çətinləşir. Buna görə də BMT-ni münaqişələri avtomatik şəkildə dayandıran mexanizm kimi deyil, tərəflərin diplomatik təmaslarını mümkün edən və beynəlxalq legitimlik formalaşdıran əsas qlobal platforma kimi qiymətləndirmək daha doğru olar. Bu baxımdan 81-ci sessiyanın əsas sınağı yeni qətnamələrin qəbulundan daha çox, siyasi bəyanatları real diplomatik prosesə çevirmək olacaq. Əgər Nyu-Yorkdakı görüşlər atəşkəs, humanitar yardım, enerji təhlükəsizliyi və danışıqlar mexanizmləri üzrə konkret nəticələr yarada bilsə, BMT-nin beynəlxalq böhranların idarə olunmasında rolu yenidən güclənə bilər. Əks halda, təşkilatın əsas funksiyası münaqişələrin həllindən daha çox, onların yaratdığı humanitar və siyasi nəticələrin idarə edilməsinə qədər məhdudlaşa bilər”.
Röya İsrafilova