Azərbaycanda məktəblinin mədəsində soxulcan aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutundan bildirilib. Məlumata görə, İnstitutun "Helmintologiya" laboratoriyasına valideyn tərəfindən müraciət olunub. Aparılan tədqiqatlar nəticəsində məktəblinin orqanizmində soxulcan (yağış qurdu) aşkar edilib. 10-cu sinif şagirdinin ağzından 18 sm uzunluğunda qurd (helmint) çıxıb, təyinat üçün laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Qara Fətəliyevə təqdim edilib. Araşdırmalar zamanı bu qurdun parazitlik edən helmint (qurd) yox, torpaqda yaşayan soxulcan olduğu təsdiqlənib. Xəstə dindirilərkən hazırda onun mədə - bağırsaq sistemində çoxlu sayda "qurdların" müxtəlif istiqamətlərə hərəkət etdikləri müəyyən olunub. Q.Fətəliyev bildirib ki, bir neçə il bundan əvvəl də NZS qəsəbəsindən müraciət edən 7-ci sinif şagirdinin ağzından 8 soxulcan xaric olunub.
Bildirilib ki, soxulcanlar Həlqəvi qurdlar tipinin Oliqaxetlər sinfinin Haplotaxida dəstəsinin Lumbricidae fəsiləsinə daxildir. Onlar yumurtalarını (baramalarını) nəm torpağa, bəzən isə bitkilərin kök hissələrinə qoyur. Yumurtalar 3-4 aya inkişaf edir və yetkin formaya çevrilir. Bitkiləri yaxşı yuyulmadıqda bitkinin kök boynuna yapışmış qurd yumurtaları tərəvəzlə birlikdə udulur. Həzm sistemində onlardan sürfələr çıxır və anaerob şəraitdə bağırsaq möhtəviyyatı ilə qidalanaraq inkişaf edir. Zoologiya İnstitutu yoluxmamaq üçün bitkilərindən istifadə edilərkən onların təmiz yuyulmasını tövsiyə edib.