Salyanda nə baş verir? Hadisə

Salyanda nə baş verir?

DİN vəhhabilərlə yerli sakinlər arasında insidentin baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Salyanda vəhhabilərlə yerli sakinlər arasında insidentin baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, ötən gün bəzi xəbər portallarında guya Salyanda vəhhabilərə qarşı kütləvi etirazların baş verməsi barədə olan xəbərlər əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmir: "Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən mətbuat nümayəndələri ən azından bu xəbəri əlaqədar orqanlarla və ya şəxslərlə dəqiqləşdirməli olduğu halda, tez-tələsik, bir az da şişirdilmiş formada öz saytlarına yerləşdirib. Odur ki, xəbərdə göstərilən əsassız iddiaları təkzib edərək bildirirəm ki, Salyanda guya məscidə hücum olması və oranın dağıdılması barədə deyilənlər kökündən yanlışdır və uydurmadır".
E. Zahidov, həmçinin Salyanda baş verən hadisənin əsl mahiyyətini açıqlayıb: "Həqiqət ondan ibarətdir ki, dünən axşam Salyan rayon sakini Fərid Pənahov Daxili İşlər Nazirliyinin "102-zəng" xidmətinə, atası Mahir Pənahov isə Rayon Polis Şöbəsinə müraciət edərək bir qrup şəxsin onlara məxsus mağazanın adı yazılan lövhəsini daşla sındırdıqlarını bildiriblər. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xırda xuliqanlıq hərəkətləri törədərək mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət bir qrupun üzvlərinin şəxsiyyətləri müəyyən olunub, onlar Rayon Polis Şöbəsi dəvət edilərək izahatları alınıb. Hazırda faktla bağlı Rayon Polis Şöbəsi təhqiqat aparılır".
Qeyd edək ki, dünən sosial şəbəkələrdə Salyanda vəhhabilərlə yerli sakinlər arasında insidentin baş verməsi barədə məlumatlar yayılıb.