Partlamamış hərbi sursat qalıqları aşkarlanıb Hadisə

Partlamamış hərbi sursat qalıqları aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursat aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, Ağdam rayonunun Zəngişalı kəndində 4 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində otlaq sahəsində isə 5 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 11 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.