Təcavüzkar sənin dövlətindir! Hadisə

Təcavüzkar sənin dövlətindir!

Arzu Şirinova

Rusiya prezidenti Vladimir Putinin srağagün mərkəzi telekanallar və radiostansiyaların efirində 12-ci dəfə vətəndaşlarla onlayn əlaqə yaratdığı zaman səsləndirdiyi fikirləri, birmənalı olaraq ortaya qoyduğu mövqeyi rus imperiyasının növbəti mərhələsinin başlanğıcı kimi də dəyərləndirilə bilər. Məsələn, son aylar Ukraynada baş verən hadisələr, Rusiyanın "qardaş" dediyi ölkəni parçalaması və bu hadisələrə Qərbin, Avropanın təpkisi Putini yamanca hirsləndirib. Bu yerdə çeşidli atalar sözlərimizdən nümunələr yadıma düşdü - "Sirkə nə qədər tünd olsa öz qabını çatladar", "Hiyyətin öz başında çatlasın", "Öz başını yeyəsən" və s...
...Putin açıq formada bildirib: "NATO-nun Şərqə doğru genişlənməsindən qorxmuram. Bundan heç kim qorxmamalıdır, eyni zamanda durumu soyuqqanlı dəyərləndirmək lazımdır. Kırımla bağlı qərarın qəbulunun səbəblərindən biri NATO-nun Şərqə doğru genişlənməsi olub. Mən deyəndə ki, NATO-ya yeni ölkələrin qoşulmasına ehtiyac yoxdur, təhlükəsizliyə dair ikitərəfli saziş əsasında əməkdaşlıq qurula bilər, bizə dedilər ki, bu, sizin işiniz deyil. Ona görə də birdən NATO qoşunları Savastopolda peyda olsa idilər, bu, artıq Rusiya üçün geosiyasi əhəmiyyət kəsb edəcəkdi. Bir sıra dövlətlər Rusiyanı zəiflətməyə çalışırlar, ancaq buna nail ola bilməyəcəklər. Rusiya güclü bir ölkədir və həmin dövlətlərin qarşısında durmağa hazırdır. Biz heç kimdən, hətta NATO-ya üzv olan bir sıra təcavüzkar dövlətlərin böyüməsindən qorxmuruq. Onların hamısını boğarıq".
Rusiya dövlətinin mahiyyətini, niyyətini Putin çılpaqlığı ilə açıb göstərdi və NATO-ya üzv dövlətlərə meydan oxudu. Putin hansı təcavüzkar ölkəni nəzərdə tutub danışır bəllidir. Ancaq birinci təcavüzkar dövlət elə Rusiyanın özüdür. Rusiyanın başqa dövlətlərə təcvüzünü və təcavüzkara dəstəyini sadalamaq istəmirəm. Azərbaycanın başına gətirilənlər yetər ki, Rusiya öz adıyla hallansın-təcavüzkar.
1828-ci ildə Azərbaycanı İranla birgə ikiyə parçalayan Rusiyadır. Bunun adı çar Rusiyası olsun, sovet Rusiyası olsun və yaxud indiki demokratik dəyərlərə, insan haqlarına və xalqların suverənliyini hər an əlindən almağa hazır olan Rusiya olsun, fərqi yoxdur. Rusiya təcavüzkardır, təcavüzkar olaraq da qalacaq. 1920-ci il aprelin 28-də bu dəfə Rusiya Şimali Azərbaycana təcavüz edərək caynağını qana buladı və bu caynaqlarını düz 70 il üstümüzdən götürmədi. 20 ildən artıqdır müstəqilliyin, azadlığın sevincini yaşayırıq. Baxmayaraq ki, Dağlıq Qarabağı və həmin ətrafda olan rayonlarımızı Rusiyanın köməyi sayəsində özü xislətində olan Ermənistan işğal edib, ancaq içimizdə bir inamımız var-həmin yerləri qaytaracağıq, nəyin bahasına olursa olsun.
Bu gün imperiya hərisi və təcavüzkar Rusiya yenidən başa dönüb-sovet imperiyasını Avroasiya İttifaqı adı altında bərpa eləmək istəyir. Bacarmayacağı birmənalı olaraq aydındır, ancaq göz tikdiyi dövlətləri içəridən parçalamağı, həmin dövlətlərin daxilində vətəndaş müharibəsi aparmağı qarşısına bir məqsəd olaraq qoyub.
Qərb və Avropa dövlətləri isə Rusiyanın umurunda olmayan sankisiyalar tətbiq eləməklə işini bitmiş hesab edir. Bəlkə bu, Qərbin və yaxud Avropanın Rusiyanı yerində oturtmaq üçün görmək istədiyi işlərin sadəcə başlanğıcıdır?
R.S. Putinə nə vaxt yeni ailə qurucağıyla bağlı sual da ünvanlanıb. İmperiya hərisi bildirib:"Əvvəlcə keçmiş arvadımı ərə verim, sonra özüm evlənərəm".