Dünya xəbər agentlikləri Bakıda Hadisə

Dünya xəbər agentlikləri Bakıda

Azərbaycan daha bir mötəbər tədbirə imza atdı

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib və nitq söyləyib.
Açılış mərasimində çıxış eən UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida qeyd edib ki, xəbər agentlikləri informasiya mübadiləsinin və media plüralizminin aparıcı qüvvəsi olaraq qalır və bu, öz növbəsində, mədəni və intellektual müxtəlifliyi təmin edir: "Media müxtəlifliyi və plüralizm fərdi idealları zənginləşdirmək, ümumi mədəni təcrübəni müxtəlif rəylər, hekayətlər və informasiya ilə dərinləşdirmək imkanı yaradır. Bu cür vasitələrlə sərhədlər aşılaraq ölkələr arasında mədəniyyətlərarası dialoq təşviq edilir, azad mətbuat və fərqli rəylərin təmin olunmasını mümkün edən ifadə azadlığı möhkəmlənir. Biz, həmçinin bilməliyik ki, xəbər agentlikləri məlumatın əldə edilməsi və mübadiləsində əsas iştirakçı olaraq qalır. Faktiki surətdə, xəbər agentliyi olmadan məlumatı əldəetmə hüququnu təmin edən qanunvericilik informasiya azadlığı prinsipinin təmin edilməsi və həyata keçirilməsində güclü vasitə ola bilməz.
İnternet inqilabı baş verdikdən sonra keyfiyyətli jurnalistika heç vaxt görünmədiyi kimi mühüm məsələ olaraq qalır. Medianın rolu etibarlı məlumat verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də böhran, münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarətdir. Reportajların verilməsi zamanı etikanın gözlənilməsi xəbərlərin toxunduğu sosial dinamikaya bələd olaraq münaqişəli məqamların nəzərə alınmasını, eləcə də bəsit və qızışdırıcı hekayətlərin arxasınca qaçmaq istəyinin kənara qoyulmasını tələb edir. Bu, faktların və rəqəmlərin araşdırılmasını, səbəblərin bildirilməsini, antaqonizmi qızışdırmağa çalışan şəxslərin motivasiyasını, eləcə də ahəngdarlıq və birgəyaşama naminə çalışan şəxslərin işini nəzərdə tutur.
Bu cür çoxşaxəli və plüralist medianın təhlükəsiz mühitə ehtiyac duyması ilə əlaqədar hətta UNESCO-nun üzv dövlətləri bizə güclü dəstək versə də, media azadlığı və ifadə azadlığı təzyiqlər altında qalmaqdadır. Son on illik ərzində ümumən 827 jurnalist məlumatı ictimaiyyətə çatdırdığına görə həyatından məhrum olub. Orta hesabla desək bu, hər 5 gündə bir ölüm halı deməkdir. Ümumiyyətlə, media peşəkarları və xəbər agentliklərinin reportyorları nəinki verdikləri reportaja görə hədəfə, o cümlədən ekstremistlərin təbliğatına qarşı fəaliyyətinə görə qurbanlara çevrilirlər.
Media icması üzv dövlətlərlə yanaşı, hamı üçün keçmiş və yeni media, reportyorlar və azad yazarlar, jurnalist və sosial media yaradıcıları üçün daha təhlükəsiz mühit yaratmaq məqsədilə birləşməlidirlər. Bu, jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq təhlükəsizliyi ilə bağlı baş direktorun noyabrın 17-də üzv dövlətlərə rəsmən təqdim edəcəyi hesabatın əsas mesajıdır".
Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn açılış mərasimində iştirakına və dərinməzmunlu nitqinə, tədbirlərin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Ötən Konqresdən keçən müddətdə görülən işlərdən danışan və dünyada baş verən proseslərə qısa nəzər salan Abdullah bin Fəhd Əl-Hüseyn bu dövrdə mühüm irəliləyişlərin olduğunu vurğulayıb. SPA-nın prezidenti növbəti üç ildə Dünya Xəbər Agentliklərinin Konqresinə və OANA-ya sədrlik edəcək AZƏRTAC-ın baş direktoru Aslan Aslanova uğurlar arzulayıb, AZƏRTAC-ın bu mühüm vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini bildirib.
OANA-nın prezidenti və Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov təşkilatın qlobal informasiya məkanında yüksək fəallıq nümayiş etdirdiyini deyib. O qeyd edib ki, OANA yeni texnologiyalar, qlobal böhranlar, media nümayəndələrinin müasir texnologiyalarla iş prosesində üzləşdikləri problemlər sahəsində təcrübə mübadiləsi aparmaq üçün əlverişli platformadır.
İnformasiya sahəsində mühüm məsələlərin müzakirə olunduğu mötəbər tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas ERİKSON çıxış edərək deyib ki, müasir dövrdə informasiyaların oxucuya çatdırılması məqsədilə çoxsaylı etibarlı platformalar yaradılır: "Bu, o deməkdir ki, jurnalistikanın maliyyələşdirilməsi üçün yeni biznes mexanizmləri işlənib hazırlanmalıdır. Bununla da jurnalistikanın maliyyələşməsinin yeni formalarını tapmaq lazımdır".
Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah Heydər Əliyev Fondunun və AZƏRTAC-ın bu tədbirin ən yüksək səviyyədə təşkili üçün ciddi əmək sərf etdiklərini vurğulayıb. O deyib ki, ərəb xəbər agentlikləri digər informasiya agentlikləri ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr qurmağa çalışır. Mədəniyyətin təbliği, radikal düşüncələrə qarşı mübarizə, sülh şəraitində yaşamaqla bağlı müxtəlif xalqlar arasında əlaqələrin güclənməsində xəbər agentliklərinin rolunun artırılması bəşəriyyətin xeyrinə olacaq.
Dünya Xəbər Agentliklərinin V Konqresinin, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasının Azərbaycanın ev sahibliyi ilə eyni vaxtda Bakıda keçirilməsinin qürurverici olduğunu vurğulayan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib: "Bizim üçün xüsusilə əlamətdardır ki, dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən insanlar qonaqpərvər ölkəmizə müasir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinin bayram edildiyi günlərdə təşrif buyurublar.
Ötən 25 il tarix baxımından qısa dövr olsa da, Azərbaycan çox möhtəşəm uğurlara imza atıb, iqtisadi, siyasi, sosial və humanitar sahələrdə öz paradiqmalarını yaradaraq bölgənin lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib".
Bu mötəbər tədbirlərin keçirilməsinə və təşkilinə verdikləri dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Aslan Aslanov qeyd edib ki, hər bir informasiya agentliyinin həyatında ən mühüm hadisə Dünya Xəbər Agentliklərinin Konqresinə ev sahibliyi etməsidir.
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirdi. O, V Konqresin müasir informasiya məkanında baş verən mühüm məsələlərin müzakirəsi baxımından səmərəli platforma olduğunu qeyd edib.
2004-cü ildən etibarən mobil texnologiyaların və sosial şəbəkələrin sürətli inkişafı nəticəsində informasiya məkanında mühüm irəliləyişlərin olduğunu deyən Marşal bu baxımdan müasir dövrdə xəbər bazarlarında mobil vasitələrlə informasiyaların yayılmasını, məlumat və xəbərlərdən istifadə qaynaqlarının daha geniş şəkildə təqdim olunmasını və s. məsələləri xüsusi vurğulayıb.
Avstraliyanın "PwC" əyləncə və media şirkətinin redaktoru Meqan BROUNLOU xəbər agentliklərinin müasir cəmiyyətlərin həyatında oynadığı rol, sosial şəbəkələrin və mobil platformaların yaratdığı yeni trendlər barədə geniş təqdimatla çıxış etdi.
Xəbər agentliklərinin informasiyaları olduqca qısa müddətdə çatdırmasının müasir dövrdə medianın əsas tələblərindən biri olduğunu bildirən M.Brounlou qeyd edib ki, gündəlik həyatımızda baş verən hadisələr artıq ənənəvi KİV-lərdən daha çox sosial media vasitəsilə çatdırılır. Müasir cəmiyyətlərdə insanlar xəbər oxumaqdan daha çox kontentlə birbaşa tanış olmağa üstünlük verirlər. Buna görə də onlar əsasən şərhsiz videoxəbərlərə baxaraq özləri təhlil aparmaq istəyirlər. Çünki insanların beynində vizual təsəvvür hər hansı mətndən daha yaxşı qalır. Ona görə də biz oxuculara daha çox vizual xəbərlər təqdim etməyə çalışmalıyıq. Xəbərləri oxuculara onların tələb etdiyi şəkildə çatdırmaq üçün bu informasiyalar videoxəbərlər şəklində çatdırılmalıdır.
2010-cu ildən sonra dünyada məlumatların həcminin 50 faizdən çox olduğunu deyən Brounlou bildirib ki, bu, bizdən həmin sürətlə ayaqlaşmağı tələb edir. İnformasiyaların həcminin artması ilə yanaşı, məlumatların istehsalına sərf olunan xərclər də azalır. Sosial media çox güclüdür və əksər insanlar bu şəbəkəyə daha böyük üstünlük verirlər. Lakin sosial mediada xəbərlərin mənfi yöndə qavranılması onun əsas zəif cəhətidir. Buna görə də xəbər agentlikləri ən müasir texnologiyalardan istifadə edərək informasiya məkanında fəal rolunu davam etdirməlidir.