Mətbuat Şurası «Xalq cəbhəsi» qəzetini təbrik edib Hadisə

Mətbuat Şurası «Xalq cəbhəsi» qəzetini təbrik edib

"Xalq cəbhəsi" qəzeti 15 deyil, 150 yaşını qeyd etməyə haqqı çatan, ideya və prinsipləri daim üstün tutan vətənpərvərlik məktəbidir

Azərbaycan Mətbuat Şurası "Xalq Cəbhəsi" qəzetinin yayıma başlamasının 15-ci ildönümü münasibətilə mətbu orqanına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Noyabrın 20-də Azərbaycanın ictimai rəyində özünə layiqli yer tutan "Xalq cəbhəsi" qəzetinin 15 yaşı tamam olur. Bu münasibətlə nəşrin rəhbərliyini və kollektivini təbrik edirik!
15 illik müddət bir kütləvi informasiya vasitəsinin cəmiyyətdə özünü təsdiqləməsi üçün böyük zaman kəsiyi deyil. Ancaq nəzərə alsaq ki, Azərbaycanın dövlət müstəqilliyinin yaşı 25-dir, bu müddətin yarıdan çoxuna şahidlik missiyası sıradan məsələ sayılmamalıdır. "Xalq cəbhəsi" müstəqillik üçün çarpışan, cəbhələşən insanların keçmişi yaşatmaq, gələcək üçün baxışlarını gerçəkləşdirmək niyyətindən qaynaqlanaraq formalaşdırdıqları mətbuat orqanıdır.
"Xalq cəbhəsi" ideya adamlarının məhsuludur. Bu ideya vətənpərvərliyə, türkçülüyə, dürüstlüyə və sədaqətə əsaslanır və qəzet hər zaman mövcud dəst-xətti rəhbər tutaraq fəaliyyət göstərməsi ilə seçilir. Onun hadisə və proseslərə yanaşmasındakı məxsusilik peşəkarlıqla səmimiyyətin vəhdətindən nəşət alır. Siyasət, iqtisadiyyat, mədəniyyət və sair mövzulardakı təqdimatları hər zaman diqqət çəkir, ruhlandırır, düşündürür. Buna görə də qəzet kifayət qədər geniş oxucu auditoriyasına malikdir.
İstedadlı jurnalist, şair və publisist Elçin Mirzəbəyli başda olmaqla bu günün "Xalq cəbhəsi" qəzeti 15 deyil, 150 yaşını qeyd etməyə haqqı çatan, ideya və prinsipləri daim üstün tutan vətənpərvərlik məktəbidir. Azərbaycan Mətbuat Şurası bu məktəbin kollektivinin hər bir üzvünü bir daha təbrik edir, onlara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Xoş gününüz mübarək olsun, əziz həmkarlar!"