Başınızı koldan çıxarın... Hadisə

Başınızı koldan çıxarın...

Böhtan atmaq yarışına çıxan isterik siyasət məxluqatlarına elə gəlir ki, hamı onlar kimi quşbeyindi

Elçin Mirzəbəyli

Əllərinə bəhanə düşdü...
Sanki bir neçə ay öncə Rusiyanın layihəsində yer almaq üçün növbəyə dayanan bunlar deyildilər. Sanki Rusiyanın ünvanına bəh-bəhlə təriflər yağdıranlar da İbrahimbəyovun yad planetlilər haqqında çəkmək istədiyi filmin sınaq çəkilişlərində rol alan "marslılar", "yupiterlilər" imiş...
BAXCP sədri Qüdrət Həsənquliyevin Dağlıq Qarabağın zamanın dərinliklərinə atılmış qara daşını yerindən tərpəkmək istəyi, dünyanın və regionun rellıqlarını tam çılpaqlığı ilə dilə gətirməsi ildə bir neçə dəfə qabıq dəyişən nüfuz müvəkkilərinin növbəti dəfə qabıqlarını başlarına qaldırmaları üçün şans kimi dəyərləndirildi... Haray-həşir, vay-şüvən başladı... Vayevla, bəs qoymayın Qüdrət Həsənquliyev rus qoşunlarını Azərbaycana çağırır. Yalançının... evi yandı, inanan da elə yalançılar oldu.
BAXCP sədrinin müsahibəsini oxuyan və bu müsahibədə yer alan fikirləri anlaya bilən istənilən şəxs burada "rus qoşunlarının Azərbaycana çağırılmasından" söhbət getmədiyi başa düşə bilər. Əgər başa düşmürsə deməli problem müsahibədə yox onun başındadır! Bu baş isə ya qərəzi düşünür, ya da ümumiyyətlə düşünə bilmir.
BAXCP sədri müsahibəsində Rusiyanın işğalçı tərəf olduğunu deyir və danışıqların məhz onunla aparılmasının vacibliyini vurğulayır. Amma bu gün ona opponentlik edənlərin heç biri işğal prosesində Rusiyanın birbaşa iştirak etdiyini dilə gətirə bilmir. Mənzərə isə göz qabağındadır. Rusiya idarəçiliyində olan Ermənistan vasitəsilə Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Azərbaycan ərazilərinin 20 faizinə qanunsuz olaraq xarici hərbi qüvvə nəzarət edir. Həmin xarici hərbi qüvvəni Rusiya idarə edir, silahlandırır, geyindirir, yedizdirir... İndi Qüdrət Həsənquliyevin rus qoşunlarını Azərbaycana çağırdığını iddia edənlər, buyurun, çıxarın xarici hərbi birləşmələri Azərbaycan ərazisindən. Çıxara bilərsiniz? Sizin heç müharibə sözünü tələffüz etməyə cəsarətiniz çatmır.
BAXCP sədri Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı ictimai rəyə oturuşmuş bir neçə yanaşmanı ictimailəşdirib. Azərbaycan ərazilərini de-fakto işğal altında saxlayan Rusiya ilə birbaşa danışıqların aparılması da bu ehtimallardan biridir.
İndi gəlin görək vay-şivənçilərin başında gedən Əli Kərimli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yollarını nədə görür.
İqtibas: Qarabağ münaqişəsinin həlli iki faktordan asılıdır. Birinci faktor, Qərb Ermənistanı Rusiyanın təsirindən çıxarır, Ermənistan danışıqlar prosesində tamhüquqlu tərəf kimi çıxış edən normal müstəqil dövlətə çevrilir. Digər faktor isə ABŞ və Rusiya beynəlxalq siyasətin müxtəlif problemlərilə, o cümlədən Qarabağla bağlı razılığa gəlirlər. Ermənistanın gündən-günə daha çox Rusiyanın təsirinə düşdüyünü nəzərə alsaq, birinci faktor mənə az inandırıcı görünür. İkinci faktora da çox az optimizmlə yanaşıram. Ona görə də hələlik Qarabağ münaqişəsinin real həll mexanizmləri yoxdur".
Bu məntiqsiz və ritorik yanaşma ancaq Əli Kərimli kimi birisinin dəfələrlə yuyulmuş beynindən hasil ola bilər... Adamdan soruşan gərək, əgər nümunə gətirdiyin həll variantlarından heç biri inandırıcı deyilsə, o zaman nə boş-boş danışırsan? Hakimiyyətə iddia edən bir siyasət adamı kimi sənin təklif etdiyin həll variantı nədir? Əgər Qarabağ münaqişəsinin real həll mexanizmlərinin olmadığını iddia edirsənsə bəs gah Qərbin, gah Şimalın ədalətindən ağızdolusu danışmağını necə əsaslandıracaqsan? Bəs bu ədalət, insan hüquq və azadlıqları özünü bir dövlətin ərazi bütövlüyünün təmin olunmasında, 1 milyon insanın təməl haqlarının qorunmasında büruzə vermirsə harada təcəlla edir?
Adam iqtibas gətirdiyim açıqlamasında açıq şəkildə bəyan edir ki, Ermənistan gündən-günə daha çox Rusiyanın təsirinə düşdüyü üçün Qərbin işğalçı ölkəni öz tərəfində çəkməsi mümkün deyil. Yəni dolayısıyla Rusiyanın bölgədə və Qarabağ məsələsində söz sahibi olduğunu etiraf edir, amma problemin həlli ilə bağlı danışıqların Rusiya ilə aparılmasının vacibliyini vurğulayan BAXCP sədrinin üzərinə özü kimi məntiqsiz cızma-qaraçılarını göndərir.
Əgər Rusiya ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması kimi taleyüklü bir məsələyə görə danışıqların aparılmasının təklif olunması xəyanət sayılırsa, o zaman hakimiyyətə gəlmək üçün Rusiyanın layihəsinə qatılmağın, rus kəşfiyyatının Ostap Benderinin kölgəsinə sığınmağın adı nədir?
Əli Kərimlinin "Azadlıq" qəzetinin 14 dekabr 2011-ci il sayında "Əli Kərimli Rusiya mətbuatında" (ay can, ay caan - E.M.) başlığı ilə yayımlanmış başqa bir müsahibəsində yer alan fikirlərinə diqqət yetirək:
"Biz Rusiya ilə münasibətlərin yaxşı olmasına çox önəm veririk. Biz bu böyük və güclü qonşumuzun daha da demokratikləşməsini və sabit inkişafını istəyirik. Rusiyada baş verənlər yaxşı və pisliyindən asılı olmayaraq, həmişə Azərbaycana ciddi təsir edir. Dövlətlərimiz arasındakı münasibətlərin daha da yaxşı olması üçün çox ciddi zəmin var. Xeyli sayda rusun Bakıda, milyonlarla azərbaycanlının Rusiyada yaşaması, tarixən formalaşmış iqtisadi əlaqələr, rus dilinin hələ də Azərbaycanda ən geniş yayılmış xarici dil olması, qarşılıqlı şəkildə bir-birimizin mədəniyyəti ilə tanış olmağımız münasibətlərin daha da yaxşı olmasına təkan verə bilən obyektiv faktorlardır".
Gördüyünüz kimi, Kərimli müsahibəsində Rusiyanın "daha da demokratikləşməsindən" söhbət açır. Yəni onun qənaətinə görə Rusiya demokratik ölkədir, lakin demokratiyanın duzunu, istiotunu bir az da artırsa pis olmaz...
Kərimlinin müsahibəsində yer alan digər məqamlara nəzər salaq: "Azərbaycanda bir çox nəsillər böyük rus ədəbiyyatının təsiri ilə formalaşıb. Aleksandr Puşkin, Fyodor Dostoyevski, Lev Tolstoy, Anton Çexov, Mixail Bulqakov, Boris Pasternak, Aleksandr Soljenitsin və digər rus ədibləri bu gün də ölkəmizdə sevilə-sevilə oxunurlar. Son illərdə aparılan bir araşdırma isə Dostoyevskinin bu gün də Azərbaycanda ən çox oxunan müəllif olduğunu aşkarlayıb".
...Əli Kərimlini tanıyanlar yaxşı bilirlər ki, bu adamın Puşkin, Dostoyevski, Tolstoy və Çexovun əsərlərindən xəbəri belə yoxdur. Bulqakov, Pasternak, Soljenitsin haqqında isə danışmağa belə dəyməz. Əli Kərimli hara, Pasternak hara... Ən çox bəyəndiyi müğənni Hazpəri Dostəliyeva olan bir adam Dostoyevskini, Bulqakovu, Pasternakı oxuya bilməz... Mümkün deyil. Zövq kompleks bir anlayışdır. Bir adamın musiqi zövqü ilə ədəbi zövqü arasında bu dərinlikdə uçurumun olması imkansızdır...

Kərimli və Xomeyni

Əli Kərimli vaxtilə İctimai Palatanın iclasında Xomeyninin ünvanına tərfilər yağıranda da onun indi qabıqlarını başlarına çəkən həyasız gədələri ağızlarına su alıb susmuşdular. İran adlanan ölkənin rəsmi mətbuatında Azərbaycan türkləri müxtəlif həşəratlarla müqayisə olunduğu, Azərbaycan Respublikasının dövlət atributları aşağılandığı zaman Əli Kərimli Xomeynini bütləşdirirdi.
İqtibas: ""İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid olunması milli maraqlarımıza ziddir və düzgün deyil".
Bu iqtibasların sayını sonsuza qədər artırmaq olar. Böhtan atmaq yarışına çıxan bu isterik siyasət məxluqatlarına elə gəlir ki, hamı onlar kimi quşbeyindi... Başınızı koldan çıxarın, simanız görünsün...