Azərbaycana qarşı təcavüzün miqyası Hadisə

Azərbaycana qarşı təcavüzün miqyası

Müharibə nəticəsində 131 minə yaxın ev dağıdılıb

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 130 min 939 yaşayış evi dağıdılıb. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işğal nəticəsində 2 min 389 təhsil, 798 tibb, 1510 mədəniyyət müəssisəsi də dağıdılıb.

Dağıdılan kənd təsərrüfatı müəssisələrinin sayı 2389 ədəddir. İşğal olunan ərazilərdə 286 km dəmiryol xətti, 116 dəmiryol körpüsü, 25 min km avtomobil yolu, 348 körpü, 224 su hövzəsi var. 119 min 185 hektar meşə massiv də işğal altındadır.
Qeyd edək ki, Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində ölkənin məruz qaldığı hər cür itki və tələfatların "Beynəlxalq Qiymətləndirmə Standartları"na əsaslanaraq hesablanması məqsədilə Nazirlər Kabinetinin 26.02.2014-cü il tarixli 51s saylı sərəncamı ilə İşçi Qrupu yaradılıb. Avrasiya Qiymətləndiricilər Birlikləri Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri Xanhüseyn Kazımlı qrupun rəhbəri təyin edilib.