50 Azərbaycan zəvvarı itdi Hadisə

50 Azərbaycan zəvvarı itdi

İranın Məşhəd şəhərinə yola salınan qrupdan 3 gündür ki, soraq yoxdur

İranın Məşhəd şəhərinə ziyarətə gedən 50-ə yaxın azərbaycanlı zəvvar yoxa çıxıb. Bu barədə ANS PRESS-ə zəvvarların qohumları məlumat veriblər.
Məlumatda bildirilib ki, mayın 21-i tarixində Bibiheybət məscidinin önündə toplaşan zəvvarlar Nardarandan Məşhədə hərəkət edən avtobuslardan biri ilə ziyarətə gediblər. Amma hələ ki, onlardan heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb: "Əmim Kamal Ocaqverdiyevi və 50-ə yaxın zəvvarı Məşhədə yola salmışıq. Biləsuvarda olanda mənimlə əlaqə saxladı. O, sərhəd keçid məntəqəsini indi keçdiklərini söylədi. 3 gündür ki, onlardan heç bir ilə əlaqə saxalaya bilmirik. Zəvvarların qohumları çox narahatdırlar. Onlar yola bələd olan şəxslərin birinin avtobusu ilə gediblər. Bir sutkalıq yolu ola bilməz ki, 3 sutkaya qət eləsinlər. Avtobusda 8 qadın, 40-a yaxın kişi var idi".
Məsələ ilə əlaqədar olara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxladıq. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə açıqlamasında hazırda onların heç bir qrupunun Məşhəddə və Kərbəlada olmadığını söyləyib.
"O qrupu biz göndərməmişik. Bu saat bizim adamlarımız Məşhəddə yoxdur. İraqa da heç bir qrup göndərmirik. İndi bu işlə adi adamlar məşğul olur. Siyahıları və pasportları yığıb İraqa göndərirlər. Vizanı alıb, ora gedirlər. Təhlükəsizliyə zəmanət olmadığı üçün biz ora səfər təşkil etmirik".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də ondarda bu barədə heç bir məlumatın olmadığı bildirilib.