Ölkəyə narkotik maddə keçirmək istəyən İran vətəndaşları saxlanılıb Hadisə

Ölkəyə narkotik maddə keçirmək istəyən İran vətəndaşları saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, noyabrın 19-da "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib. Hər iki şəxs daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkarlandığına görə saxlanılıblar.
Noyabrın 20-də həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd "Metadon" psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülüb. Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.