“Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb Hadisə

“Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qaliblər arasında "Xalq Cəbhəsi" qəzetinin əməkdaşı Habil Hüseynov da var

Noyabrın 30-da Bakıda "Media və mənəvi dəyərlər" mövzusunda konfrans və eyni adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə mətbuat nümayəndələri, qəzet redaktorları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov mərasimi açaraq Fondun gördüyü işlər və müsabiqənin əhəmiyyəti barəsində danışıb. O, həmçinin qalibləri təbrik edib. Bildirib ki, mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz mənəvi dəyərlər sisteminə aiddir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyev Fondla mətbuatın birgə əməkdaşlığından danışıb və mətbuatın ictimai fikirdə, cəmiyyətdə oynadığı rolu qeyd edib. Bildirib ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür.
Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3, həmçinin 5 həvəsləndirici yer müəyyən edilib. Birinci yer üzrə "Azərbaycan" qəzetindən Yasəmən Musayeva, ikinci yer üzrə "İpək Yolu" nəşriyyatından Əziz Sultanov və Azərbaycan İnformasiya Mərkəzindən Təbriz Vəfalı, üçüncü yer üzrə "Səs" qəzetindən Tünzalə İsmayılova, "sputnik.az" saytından Rumiyyə Miraslan və "moderator.az" saytından Seymur Əliyev, 5 həvəsləndirici yer üzrə isə Məhsəti Hüseynova, Rufik İsmayılov, Habil Hüseynov, İlkin Nəcəfzadə və Pərviz Sadayoğlu layiq görülüb