Xaçmazda biznes inkubator yaradılıb Hadisə

Xaçmazda biznes inkubator yaradılıb

Tural

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda fəaliyyət göstərəcək ilk iştirakçılar məlum olub. Bu məqsədlə keçirilmiş müsabiqədə İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiyanın qərarına əsasən, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator üçün 15 iştirakçı seçilib. İqtisadiyyat və Sənaye Hazirliyinin məlumatına görə, iştirakçılara 2014-cü ilin sentyabr ayından etibarən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin biznes inkubatorunda Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris plan və proqramları əsasında treninqlər keçiriləcək, müxtəlif məsləhət xidmətləri göstəriləcək.
Qeyd edək ki, biznes inkubatorun yaradılmasının əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Bu məqsədlə pilot layihə kimi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahədə 15 otaqdan ibarət biznes inkubator yaradılıb. Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahə ayrılacaq və burada onlara sistemli və davamlı maarifləndirmə tədbirləri, təsis sənədlərinin hazırlanması və sahibkarlıq subyekti kimi qeydiyyat, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili və keçirilməsi, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və s. istiqamətlər üzrə xidmətlər göstəriləcək.
Bu layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində və s. biznes inkubatorların yaradılması nəzərdə tutulur.