Müəllimlər qəbul imtahanlarında yeni qaydalar Hadisə

Müəllimlər qəbul imtahanlarında yeni qaydalar

Dövlət İmtahan Mərkəzi (DİM) Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız, rus dili fənləri üzrə elmi‑metodik seminarlar və kimya fənni üzrə yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edib.
DİM-dən bildirilib ki, seminarlarda Lənkəran şəhəri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər. Seminarların əvvəlində DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydalarından və tətbiq ediləcək modellərindən danışıb. Azərbaycan dili fənni üzrə seminarda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, riyaziyyat fənni üzrə seminarda Bakı Dövlət Universitetinin (BDU) dosenti İmran Abdullayev, Gənc İstedadlar Liseyinin müəllimi Aqşin Abdullayev, ingilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi Şəhla Musayeva, fransız dili fənni üzrə seminarda Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanova, Azərbaycan Dillər Universitetinin dosenti Rəfiqə İsayeva, rus dili fənni üzrə seminarda isə Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Afət Mürsəliyeva buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat veriblər.
Kimya fənni üzrə moderator, BDU-nun professoru Xəlil Nağıyev müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, yeni tipli qiymətləndirmə vasitələrinin formaları, məzmunu və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış edib. Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.