Bakının qurtuluşu ilə bağlı tədbir keçirilib Hadisə

Bakının qurtuluşu ilə bağlı tədbir keçirilib

İlham İsmayılov: “Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub”

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni-bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov açaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır vaxtlarında Azərbaycana qardaş köməyinə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə danışıb. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dünyaya örnək olub. İlham İsmayılov qeyd edib ki, 101 il əvvəl Nuru Paşa öz komandanlığı altında Azərbaycana gəlib Bakını işğaldan azad etməsəydi, bu gün Bakı müstəqil Azərbaycanın paytaxtı olmazdı: "Həmçinin bu günkü Azərbaycan dövlətinin də mövcud olub-olmadığı bəlli olmazdı". ATXƏM sədri ildən-ilə Bakının işğaldan azad edilməsi tədbirlərinin kütləviliyinin artdığını deyib və bundan qürur duyduğunu söyləyib.
Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O. deyib ki, Qafqaz İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni-bolşeviklərdən xilas etdi: "Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə çıxışında bildirib ki, 1918-ci ildə baş vermiş bu hadisəni qeyd etməyimiz bizim üçün çox önəmlidir. Onun sözlərinə görə, 1915-ci ildə Çanaqqala döyüşündə türklərlə bərabər, azərbaycanlı qardaşlarımız da şəhid olub: "Üç il sonra - 1918-ci ildə azərbaycanlı qardaşlarımıza kömək lazım olduqda heç düşünmədən bu köməyi etdik. Tarix boyu azərbaycanlı qardaşlarımıza kömək lazım olanda müraciət gözləməmişik. Dostluğumuz, qardaşlığımız 100 illər keçsə də, davam edəcək və daha da güclənəcək. Biz bu münasibətlərin güclənməsi üçün hər bir sahədə əlimizdən gələni etməyə hazırıq".
Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev tədbir iştirakçılarına 1918-ci ildə erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən söhbət açıb. 15 sentyabr tarixinin əhəmiyyətindən danışan Qafar Əliyev qeyd edib ki, Azərbaycan böyük çətinliklərlə üzləşən bir vaxtda - 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəldi: "Əgər bu gün biz Bakının azad olunmasını qeyd ediriksə, bunu o zamankı türk və Azərbaycan əsgərlərinə borcluyuq. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı davam edir"
Tədbirdə iştirak edən Türkiyədən olan qonaqlar - araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi Vəqfinin rəhbəri Fatma Sönmez, Ötüken nəşriyyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık və başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Tədbirin ədəbi-bədii hissəsi Şəmistan Əlizamanlı, Şahin İsmayılov və başqa sənətkarların ifasında konsert proqramı ilə davam edib.