İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium Hadisə

İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium

Oktyabrın 21-22-də İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium keçirilir. Tədbir Azərbaycan İlahiyyat İnstitutu, “Türk Ocaqları” İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyyat Araşdırma İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Simpoziumda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlər keçirildiyini bildirib. Rektor İstanbulda baş tutan simpoziumun bu tədbirlərin davamı olduğunu vurğulayıb. Əhməd bəy Ağaoğlunun müsəlman dünyasının böhrandan çıxması istiqamətində həm Azərbaycan, həm də Türkiyə üçün əvəzsiz xidmətlər göstərdiyini deyən Ceyhun Məmmədov onun İslam mədəniyyətinin formalaşması və inkişafında da böyük rolu olduğunu qeyd edib.
Tədbirdə çıxış edən İstanbul Universitetinin Türkiyyat Araşdırma İnstitutunun müdiri, professor Mustafa Balcı, “Türk Ocaqları” İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram, İstanbul Universiteti rektorunun müavini İlyas Topsaka, Azərbaycanın Milli Məclisinin deputatı Fazil Mustafa Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı barədə məlumat veriblər. Bildirilib ki, Əhməd bəy Ağaoğlu XIX əsrin sonlarından 1920-ci illərədək Azərbaycanın, sonra isə Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlərdən biridir.
Simpozium “Əhməd Ağaoğlunun fikri inkişaf cizgisi”, “Türkçülük tarixində Əhməd Ağaoğlu fenomeni”, “Əhməd Ağaoğlunun pəncərəsindən sərbəst zarafat təcrübəsi” mövzularında məruzələrlə davam etdirilib. Tədbirdə azərbaycanlı və türkiyəli elm adamları, mütəxəssislər, ictimai xadimlər iştirak edirlər.