Məktəb direktorlarının səlahiyyəti artırılır Hadisə

Məktəb direktorlarının səlahiyyəti artırılır

İşdən azad olunan direktor müavinlərinin müəllim kimi işlə təmin edilməsi yeni qaydalarla həyata keçiriləcək
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na əlavə edilib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Ona görə də ümumi təhsil müəssisələrinin direktor müavinləri tutduqları vəzifədən azad edilərkən onların məktəbdə müəllim kimi işdə saxlanılması və ya həmin məktəbdə müvafiq vakant yer olmadıqda tələbat olan digər məktəbdə müəllim kimi işlə təmin edilməsi məsələsinin tənzimlənməsində çətinliklər yaranır.
Bütün bunları rəhbər tutaraq təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na müəyyən dəyişiklər edilib. Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.
Nazirliyin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirova bu əmrdən irəli gələn məsələləri həll etmək tapşırılıb.