“Borisə Bakıdan da ciddi dəstək var...” Hadisə

“Borisə Bakıdan da ciddi dəstək var...”

Rauf Arifoğlu: "Ona Bakıdan da ciddi dəstək var, nə yazıramsa, "Qrant"ın uşaqları anındaca ingiliscəyə tərcümə edib, onlara çatdırır"

Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycandan olan nümayəndə heyətilə bağlı qalmaqal yaşanıb. Modern.az xəbər verir ki, bu haqda tədbirin iştirakçısı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib. R.Arifoğlu özünün Facebook səhifəsində yazıb ki, tədbirdə iştirakk edən ermənilər ondan şikayət veriblər:
"Məlum olduğu kimi, Batumidə Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumu keçirilir. 6 ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı bu foruma müşahidəçi qismində mən də dəvət olunmuşam. İlk gün skandalla başladı və mən də bütün bu skandal prosesini foto -video görüntülərlə qəzetimiz üçün hazırladım. Lakin reaksiyalar məni heyrətə gətirir. Erməni nümayəndə heyəti, konkret olaraq Boris Novosardiyan məndən Avropa Birliyinə şikayət edib. Çünki yazaraq, iddia etmişəm ki, skandala səbəb olan Azərbaycan əleyhinə anti-təbliğat stendini ermənilər sifariş edib və prosesə Boris drijorluq edir... Foto da əlavə olunub, iddia mətninə. Kadrda Borisi "iş başında" yaxalamışam. Təşkilatçılar hazırda bu şikayəti qızğınca müzakirə edirlər... Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa, "Qrant"ın uşaqları anındaca ingiliscəyə tərcümə edib, onlara çatdırır. Onlar da əlində planşet , tez qaçırlar Forum təşkilatçılarının üstünə... Söz azadlığının anasını ağladır, Avropa demokratları, ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, - səbəb də musavat.com -da gedən yazılardır... Oranı tərk etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da imtina edirəm. Gedim, Batumi gözəlliklərini görüntüləyim, şəhərdən reportaj hazırlayım. Təbii, ona da ermənilər mane olmasalar...".