MSK 3 DSK-nın qərarını ləğv edib Hadisə

MSK 3 DSK-nın qərarını ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.
MSK katibi Arifə Muxtarova deyib ki, 84 saylı Füzuli Dairə Seçki Komissiyası (DSK) üzrə Böyük Bəhmənli kənd bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş Musa İsmayılov namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya müraciət edib. Məsələyə MSK Ekspert Qrupunda baxılıb. Məlum olub ki, imza vərəqində ay adlarının yazılışında texniki səhvə yol verildiyi üçün DSK M. İsmayılovun namizədliyini qeydə almayıb. Ekspert Qrupu imza vərəqindəki 34 imzanın etibarlı olduğu qənaətinə gəlib və DSK-nın qərarının ləğv edilərək M. İsmayılovun namizədliyinin qeydə alınmasını məqbul sayıb. Məsələ MSK-da səsverməyə qoyularaq qəbul edilib.
MSK 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Çərçuvar bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan İslam Qafarovun və 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Xıl bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Əlvan Məmmədovun namizədliklərinin də qeydə alınmasına qərar verib. 71 saylı Masallı kənd DSK tərəfindən Ərkivan bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Cəfər Cəfərovun şikayəti isə əsassız sayılıb.
Beləliklə, MSK 3 DSK-nın qərarını ləğv edib, 1 DSK-nın qərarını qüvvədə saxlayıb.
Daha sonra MSK bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edib.