“Məscidlərə nüfuz edirlər...” Hadisə

“Məscidlərə nüfuz edirlər...”

Radikal dini qrupların aktiv olduğu şəhərlərin adı açıqlanıb

Azərbaycanda son illər şəhər ətrafı qəsəbələrdə yerləşən və əhali tərəfindən az istifadə olunan, eləcə də rəsmi din xadimi təyin edilməmiş məscidlərdə xeyli radikal dini qruplar nüfuz edib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilib.
Hesabatda qeyd olunur ki, bu radikal dini qruplar həmin ibadət evlərini öz nəzarətləri altına salmaq, mütəmadi olaraq həftənin müəyyən günlərində bu məscidlərdə dini söhbətlər yolu təbliğatlarını qurmaq istiqamətində iş aparır.
Belə radikal dini qrupların üzvləri Bakı, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt və Zaqatalada bir sıra məscidə nüfuz etməyə cəhd göstəriblər.
Həmin məscidlərdə yaranmış vəziyyəti, radikal qruplara qarşı həyata keçirilən tədbirlərin dövlətin dindarlarla münaqişəsi kimi qələmə verilməməsi üçün ehtiyatlı, lakin qəti addımların atılmasının zəruriliyi nəzərə alınaraq aidiyyəti qurumlarla birgə lazımı tədbirlər həyata keçirilir.
Hesabatda o da qeyd olunur ki, ötən il Suriyada təlimlərə qatılan Azərbaycan vətəndaşları saxlanılıblar. Bildirilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə, hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.
Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.