Suraxanı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib Hadisə

Suraxanı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

İyunun 4-də Suraxanıda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçisi Kamal Əliyev, rayon icra hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri və rayon ağsaqqalları iştirak ediblər.
Toplantıda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizin inkişafında, mədəni-ictimai həyatımızın bir çox sahələrində, gənc nəslin milli adət-ənənələrə uyğun tərbiyə edilməsində və formalaşmasında ağsaqqallarımızın böyük əməyi vardır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuz tərəfindən Vətən müharibəsində şanlı Zəfərin qazanılmasından bəhs edən natiq bu qələbənin əldə edilməsində ağsaqqalların da danılmaz xidmətlərinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O vurğulayıb ki, hər zaman ağsaqqallara, ağsaqqal sözünə yüksək qiymət verən, onları Azərbaycanın milli-mənəvi dəyərləri hesab edən ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi böyük diqqət və qayğı hal-hazırda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Eldar İbrahimov hamını Vətən müharibəsi günlərində olduğu kimi, bu gün də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək daha qüdrətli Azərbaycan naminə respublikada həyata keçirilən böyük quruculuq işlərində bütün bacarıqlarını, həyat təcrübələrini, bilik və enerjilərini səfərbər edərək fəal iştirak etməyə çağırıb. Natiq, həmçinin, öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı altında təşkilatda həyata keçirilən mütərəqqi işlərdən, nəzərəçarpacaq canlanmadan bəhs edib, Şuranın Nizamnaməsindən və rayon təşkilatları üçün nəzərdə tutulmuş Əsasnamədən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib və öz tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov öz çıxışında Vətən müharibəsində şəhid olmuş övladlarımıza bir daha Allahdan rəhmət diləyərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda bu gün böyük vüsətlə bərpa-quruculuq və abadlıq işlərinin aparıldığını, doğma torpaqlarımızın yenidən dirçəldiyini bildirib. Həmçinin, bütün ölkədə olduğu kimi, Suraxanı rayonunun ictimai-siyasi həyatında da ağsaqqalların əvəzsiz rolundan və nüfuzundan bəhs edərək qeyd edib ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir. Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların böyük xidmətlərindən də söhbət açıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransda tədbirin gündəliyindəki məsələlər müzakirə olunub, səsvermə nəticəsində Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçilib. Babayev Arif Eyvaz oğlu yenidən Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Daha sonra Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər natiqlər çıxış edərək İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimizin qazandığı böyük Zəfərdən, Əsrin Qələbəsindən və bu gün doğma torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən qürurla bəhs ediblər. Həyatımızın hər bir sahəsində ağsaqqallarımızın mənəvi dəstəyinin, öyüd-nəsihətlərinin əvəzsiz rolundan danışan natiqlər Suraxanı Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.