“Avropa Oyunları zamanı...” Hadisə

“Avropa Oyunları zamanı...”

Səyyad Aran: "Azərbaycanın bütün regionları, tarixi, mədəniyyəti geniş təbliğ olunacaq"

Yanuş Kozel: "Avropa Oyunları Azərbaycan üçün böyük irəliləyişdir"

Bəhram Bağırzadə: "Avropa ölkələri Azərbaycan haqqında kifayət qədər məlumata sahib olacaqlar"

"İlk Avropa Oyunları Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Səyyad Aran bildirib. Onun sözlərinə görə, "Bakı 2015" Avropa Oyunları zamanı Azərbaycanın bütün regionları, tarixi, mədəniyyəti geniş təbliğ olunacaq. S.Aran deyib ki, Azərbaycan haqqında məlumatları az olan adamlar Avropa Oyunları vasitəsilə geniş məlumata malik olacaqlar: "Bir neçə il əvvəl Bakıda keçirilmiş "Eurovision" yarışması zamanı Azərbaycan dünyada kifayət qədər tanındı. Ancaq "Eurovision" 3-4 gün ərzində keçirilən tədbirdir, "Bakı 2015" isə 17 gün keçiriləcək tədbir olacaq. Yəni, Azərbaycan ən azı 17 gün ərzində dünyada hərtərəfli təbliğ olunacaq. Bu oyunlar vasitəsilə Azərbaycan dünyada yüksək səviyyədə tanınacaq. Əvvəla, "Bakı 2015" Avropa Oyunlarına çox yaxşı hazırlaşan idmançılarımız buna səbəb olacaq. Əminəm ki, bir çox idmançılarımız Avropa Oyunlarında qızıl medallar qazanacaqlar, bununla onlar həm özlərini, həm də Azərbaycanı tanıdacaqlar. Eyni zamanda, 17 gün ərzində Azərbaycan bütün dünyaya geniş formada açılacaq. Artıq dünyanın bütün qitələrində Azərbaycan haqqında geniş təsəvvür yaranmaqdadır. Bu gün paytaxt Bakımız və regionlarımız sürətlə gözəlləşir, inkişaf edir. Bakını Dubayla, Parislə və digər inkişaf etmiş şəhərlərlə müqayisə edirlər. Bütün bunları Azərbaycana gələn qonaqlar söyləyirlər. Avropa Oyunları zamanı Bakıya yüzlərlə turist gələcək və onlar bir daha Azərbaycanın inkişafına şahid olacaqlar".
S.Aran qeyd edib ki, hər bir ölkə bu cür mötəbər tədbirləri keçirməkdən böyük fəxr və qürur hissi duyur: "Azərbaycan xalqı da haqlı olaraq həmin fəxr hissini duymaqdadır. İnşallah Avropa Oyunları başlayanda və dünya mediasında işıqlandırılanda biz o xoşbəxtliyi daha aydın müşahidə edəcəyik. Görəcəyik ki, bütün dünyada Azərbaycandan, onun mədəniyyətindən, tarixindən, mətbəxindən, xalqından və regionlarından danışılır. Özüm də "Bakı Avropa Oyunları 2015" Təşkilat Komitəsinin üzvüyəm, bu oyunlara hər kəs kimi mən də hazırlaşıram, proseslərdə yaxından iştirak edirəm və özümü hədsiz dərəcədə xoşbəxt hiss edirəm ki, ilk dəfə Bakıda keçiriləcək bu oyunlar məhz mənim Vətənimdə təşkil olunur. Hesab edirəm ki, Avropa Oyunları ilə həm Azərbaycan, həm idmançılar, həm də ölkə vətəndaşları tarixə düşəcəklər. Bundan xoşbəxt hadisə axı nə ola bilər?"
Yunan-Roma güləşi üzrə milli komandanın üzvü Dünya kubokunun qalibi, Avropa mükafatçısı Elvin Mürsəliyev bildirib ki, Avropa Oyunları dünya çempionatından da nüfuzlu turnirdir: "Doğma divarlar arasında keçirildiyindən özüm qarışıq bu mötəbər turnirdə bütün idmançılarımız nailiyyət qazanmaq üçün çalışırıq".
Polşada press-turda iştirak edən azərbaycanlı jurnalistlərə Krakov şəhəri merinin idman məsələləri üzrə müşaviri Yanuş Kozel söyləyib ki, Avropa Oyunları Azərbaycan üçün böyük irəliləyişdir: "Bu, öz imkanlarını, inkişafını, yaradılmış idman qurğularını dünyaya göstərmək üçün bir fürsətdir". Onun sözlərinə görə, "Bakı–2015" Avropa Oyunları Azərbaycana öz tarixini, mədəniyyətini, imkanlarını və milli mətbəxini nümayiş etdirməyə də gözəl imkan yaradır. Bakıda olduğunu xatırladan Y. Kozel bildirib ki, Azərbaycan mətbəxinə heyrandır: "İdman oyunları insanların, xüsusən də gənclərin, ölkələrin yaxınlaşması, biznes strukturları ilə əlaqələr yaradılması üçün yaxşı vasitədir". Meriya nümayəndəsi Krakovun idman həyatından, şəhərdə nəzərdə tutulan yarışlardan, o cümlədən 2017-ci ilin may ayında keçiriləcək gənclər arasında futbol üzrə Avropa çempionatından söz açıb.
I Avropa Oyunlarının "Çimərlik futbolu" üzrə ulduz səfiri Bəhram Bağırzadə Birinci Avropa Oyunlarının vətənimizdə keçirilməsini yüksək qiymətləndirir: "Demək olar ki, uşaqlıq arzularım yavaş-yavaş həyata keçir. Son 12 il ərzində uşaq vaxtı nə arzulamışamsa, hamısı bir-bir gerçəkləşir. Arzulayırdım ki, Bakıda, doğma vətənimizdə olimpiadalar keçirilsin, biz də onu televizor vasitəsilə deyil, canlı şəkildə izləyə bilək. Artıq bu arzumu dövlətimiz həyata keçirir. Çox xoşdur ki, bu günü görmək bizə qismət olacaq. Biz də vətənimzi sevən bir sıravi vətəndaş kimi çalışırıq ki, xalqımız üçün önəmli olan bu mötəbər yarışmada əlimizdən gələni edək. Mən ilk Avropa Oyunlarının ulduz səfiri seçilmişəm. Bu şərəfə layiq görüldüyüm üçün çox məmnunam. Bildiyiniz kimi, mənim öhdəmə "Çimərlik futbolu" idman növü düşüb. Artıq 4 aydır ki, gecə-gündüz bu yöndə çalışırıq. Avropa Oyunları ilə bağlı ölkəmizdə çəkilən reklamlarda, PR aksiyalarda iştirak edirik. Bu yaxınlarda Sloveniya və Avstriyadan qayıtmışam. Orada promaksiya, konkurslar keçirmişdim. Hazırda Çimərlik futbol klubu ilə işlər gedir. Tamaşaçıları stadionlara cəlb etməyə çalışırıq. Boş oturmuruq, tez-tez Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Joze Miquel Mateusnab Şepkinlə görüşürəm. Daha sonra Eiriz Mata ilə görüşüm olub. O, çimərlik futbolu üzrə sonuncu dörd Dünya Çempionatında hakimlik edib. Onlar da əllərindən gələni edirlər. Sizin qəzet və saytınız vasitəsilə insanlara səslənirəm və onların da Avropa Oyunlarında iştirak etmələrini istəyirəm. Futbolu sevənlərin hər birini Çimərlik futboluna çağırırıam. Gəlin hamımız əl-ələ verək, birlikdə dövlətimizə, ölkəmizdə keçirilən bu mötəbər yarışmaya dəstək olaq.
Bu, Azərbaycanın qələbəsidir, çünki belə bir xoşməramlı tədbir məhz burada keçirilir. Bizim bədbəxt qonşularımız apreldə öz qondarma "soyqırımı"larının 100 illiyini qeyd etdilər. Ancaq istəklərinə nail ola bilmədilər. Qoy görsünlər ki, Azərbaycan necə böyük bir yarışmaya ev sahibliyi edir. Biz də Allahın köməkliyi ilə 2115-ci ildə Birinci Avropa Oyunlarının 100 illik yubileyini qeyd edərik. Bu, artıq tarixdir, vətəndaşlarımızın şahidi ola biləcəkləri möhtəşəm bir hadisədir. Çimərlik futboluna gəlincə isə, "Bakı 2015" birinci Avropa Oyunlarında bu yarışlar 24-28 iyun tarixlərində 1500 izləyici tutumuna malik Müvəqqəti Çimərlik Arenasında keçiriləcək. Onu da qeyd edim ki, Çimərlik futbolu çimərlikdə və ya qum meydançasında oynanılan futbol oyununun bir variantıdır".
"Şükürlər olsun ki, bunun üzərində işləyən, vəziyyəti qiymətləndirən və düzgün qərarlar qəbul edən komitəmiz var. Amma mən də bir vətəndaş kimi narahat oluram, buna görə bəzi təkliflər verməyi özümə borc bilirəm. Məsələn, Avropa Oyunlarının keçirilməsi zamanı avtomobillərin şəhərə girişini məhdudlaşdırmaq lazımdır ki, yollar qismən boşalsın,- deyən Bəhram Bağırzadə "hər kəs bilir ki, mən futbol həvəskarıyam,- deyə əlavə edib: "Özümü ruhən hazırlamışdım ki, mənə futbol düşəcək. Dostlarımızla Avropa Oyunları barədə danışanda demişdim ki, çox istəyirəm mənə futbol səfiri düşsün. Bildiyim sahə olduğu üçün orada özümü rahat hiss edəcəyəm. Özüm də futbol oynamağı sevirəm və onun azarkeşiyəm. Bir səfir kimi mən də onlara öz üsullarımı öyrədəcəyəm".
Onun fikrincə, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə həm maddi, həm də mənəvi cəhətdən xeyir gətirəcək: "Belə ki, Avropa ölkələri Azərbaycan haqqında kifayət qədər məlumata sahib olacaqlar. Ölkəmizə turistlər cəlb olunacaq, ki, bu bizim istənilən halda xeyrimizə işləyəcək. Bir sözlə, Azərbaycan dünya ölkələri arasında tanınmış bir ölkəyə çevriləcək. Mənim üçün bir vətəndaş olaraq ən önəmlisi isə millətin sağlamlığıdır. Bu yarışdan sonra bizim övladlarımız öz valideyinləri ilə o idman kompkleslərinə gedəcəklər. Həmin idman növlərinə yazılıb, idman sahəmizi daha da inkişaf etdirəcəklər. Bu da gələcəkdə Olimpiya, dünya və Avropa çempionlarının yetişməsinə bir zəmin yaradacaq. Biz sağlam millət olacağıq. Sağlam millət isə hər şeyə qadirdir...Hər şey bizim özümüzdən asılıdır. Dəfələrlə demişəm ki, şəhər ilk növbədə memarlıq və arxitekturadan başlamır. Hər hansı bir ölkəyə getdikdə diqqət çəkən ilk amil insan resursu olur. Əgər bizim insanlar həmişəki, tarixən olduqları kimi qonaqpərvər olsalar, turistlərin buradan narazı getməsi mümkün deyil. O ki qaldı infrastruktura, onlar hər şeyi görüblər. Biz qonaqpərvərliyimiz, musiqi və incəsənətimizlə onları təəccübləndirə bilərik. Necə ki bir vaxtlar keçmiş sovetlər ittifaqının vətəndaşlarını təəccübləndirə bilirdik. Turisdlər buradan razı getdiyi halda, gələcək illərdə ölkəmizə daha çox turist axını olacaq. Bu o demək deyil ki, bizdə heç bir poblrm yoxdur. Var, bunlar da sağlam problemlərdir. Həmin problemər həll olunur və zamanla həll olunacaq. Bizim millət buna qadirdir. Azərbaycanlılar istedadlı, çalışqan xalqıdır. İşləmək, savadlanmaq, təhsil almaq və ancaq irəliyə baxmaq lazımdır. Biz gərək qarşımıza ən yüksək məqsədlər qoyaq. Necə ki vaxtilə Üzeyir Hacıbəyov Şərqdə ilk operanı yazmağı qarşısına məqsəd qoymuşdu. Şərqdə bir sıra ilklər bizdə olub. Gələcəkdə də nə yeniliklər olacaqsa, biz bir millət kimi gərək qarşımıza belə bir məqsəd qoyaq ki, bunu ilk olaraq biz etməliyik. Həmin ilklərlə bağlı qarşımıza ali məqsədlər qoysaq, inanın, biz həmişə çevik millət olacağıq. Arxayın oturmamağımız üçün bizim qarşımızda həmişə problem olmalıdır, amma sağlam problem".

Əli