“Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində çox böyük coşqu olcaq” Hadisə

“Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində çox böyük coşqu olcaq”

Gili Lüstiq: "Bakı-2015 bir çox idman növləri üzrə dünya, yaxud Avropa çempionatları öncəsi güclü performans üçün imkan yaradacaq"

Azər Badamov: "I Avropa Oyunlarının Bakıda keçirilməsi ümumilikdə Azərbaycana bir çox cəhətdən xeyir verəcək"

Təyyar Bayramov: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir"

Oqtay Haqverdiyev: "Əcnəbi iş adamlarının ölkəmizə marağı da artacaq"

İlk Avropa Oyunlarının açılış mərasimində ən az 20 dövlət başçısının və hökumət nümayəndələrinin iştirakı gözlənilir. Bunu gənclər və idman naziri Azad Rəhimov "Rossiyskoy qazeta"-ya müsahibəsində deyib. A.Rəhimovun sözlərinə görə, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin üzvü Monako Knyazı II Albert və Böyük Lüksemburq Hersoqu öz iştirakını təsdiqləyib: "Oyunların başlamasına az qalmış Avropadan Bakıya neçə dövlət başçısının gələcəyi məlum olacaq. Biz ən az 20 dövlət başçısının gələcəyini gözləyirik".
İsrailin Olimpiya Komitəsinin baş katibi Gili Lüstiq deyib ki, Bakı-2015-in başlanmasını səbirsizliklə gözləyirik: "Cüdo və gimnastika kimi yarışlarda bu, Rio-2016 üçün əsl sınaqdı. Avropa və dünya çempionatlarında təcrübəsi olan, amma Olimpiya Oyunlarına bənzər yarışlarda iştiraka heç bir şansı olmayan idmançılar üçün bu, həm də böyük bir fürsətdi". Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində çox böyük coşqunun olduğunu deyən Lüstiq bildirib ki, Bakı-2015 israilli idmançılar üçün böyük faydalar verəcək: "Bəzi idman növləri Rio Yay Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edir, digərləri isə qiymətli reytinq xalları verir. Bakı-2015 bir çox idman növləri üzrə dünya, yaxud Avropa çempionatları öncəsi güclü performans üçün imkan yaradacaq".
Baş katib inanır ki, İsrail atletika yarışları üzrə titul uğrunda mübarizə apara bilər. Ölkəsinin ən yaxşı idmançıları, o cümlədən, üçtəkanla tullanan Hanna Knyazyeva-Minenko, nizə atan Mararita Dorojon və 400 m qaçış üzrə yarışan Donald Blair-Sanford burada komandasının medal qazanmasında mühüm rol oynaya bilər.
Millət vəkili Azər Badamov deyib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ümumilikdə Azərbaycana bir çox cəhətdən xeyir verəcək. Onun sözlərinə görə, hər şeydən öncə oyunlar üçün yaradılan infrastruktur Azərbaycan xalqına qalacaq: "Hazırda möhtəşəm idman bayramına yüksək səviyyədə hazırlıqlar gedir. Azərbaycan ictimaiyyəti, bütün vətəndaşlar Oyunlara başlanması həyəcanı ilə yaşayır. Bu idman yarışları hər bir vətəndaş üçün qürurdur. Avropa Oyunlara qoyulan ümumi xərclərin 78 faizi infrastruktura yönəldilib. Beləliklə, oyunlardan sonra qurulmuş arenalar, təhlükəsizlik və nəqliyyat sistemləri Azərbaycan xalqına xidmət edəcək". Deputat əlavə edib ki, Avropa Oyunları Azərbaycanda turizm potensialının artmasına da xidmət edəcək. "Bir növ Azərbaycanı dünyada tanıtmaq istiqamətində böyük rolu olacaq. Bu tədbir bizim milli adət-ənənələrimizi tanıtmaq zəminində xüsusi əhəmiyyətə malik hadisə olacaq. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həm iqtisadi, həm siyasi və idman həyatında mühüm önəm daşıyacaq. Ölkəmizə gələn çoxlu sayda turistlər özləri ilə valyutalar gətirəcək. Proqnoza görə, hər bir turist 1 həftə ərzində min dollar xərcləyəcək. Bunu ölkə iqtisadiyyatına yönəlmiş resurs kimi başa düşmək olar. Bunun manatın məzənnəsinin sabitləşməsində də böyük rolu olacaq. Hər bir turist özü ilə bərabər potensial turist də gətirəcək. Ölkəmizi tanıyacaqlar və turizm sektoru daha da inkişaf edəcək. Bildiyimiz kimi, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir. Qeyri-neft sektorunda əsas yeri turizm tutur. Avropa Oyunlarından sonra da xırda və orta sahibkarlıq mühitinin formalaşması üçün geniş imkan yaranacaq", - deyə o vurğulayıb.
Tanınmış ifaçı, əməkdar artist Təyyar Bayramov vurğulayıb ki,
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir. Onun dediyinə görə, bu möhtəşəm yarışın Vətənimizdə keçirilməsi onu göstərir ki, Azərbaycanımız qüdrətli, nüfuzlu, dünyada sözü, mövqeyi nəzərə alınan, hesablaşılan bir dövlətdir. Həmçinin, ölkəmiz böyük beynəlxalq yarışlara ev sahibliyi etməyə layiq, buna qadir olan bir dövlətdir. Oyunlar zamanı da Vətənimizə gələn qonaqlar idmanımızla bərabər, şəhərmizin - Bakımızın gözəlliyini, musiqimizin ecazkarlığını, milli mətbəximizin zənginliyini, insanlarımızın qonaqpərvərliyini görəcəklər. Odur ki, bir azərbaycanlı, bir sənət adamı kimi bundan böyük qürur hiss keçirirəm. İdmançılarımıza da uğurlar arzu edirəm - bayrağımızı qaldırıb, himnimizi səsləndirsinlər" - deyə, T. Bayramov daha sonra sözlərinə əlavə edib.
Əlavə edək ki, I Avropa Oyunlarının Azərbaycana digər sahələrlə yanaşı, iqtisadi müstəvidə də böyük dividendlər gətirəcəyi proqnozlaşdırılır. Gözlənilir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün növbəti təkan rolunu oynayacaq və bu oyunlar sayəsində ölkəmizin müsbət imici daha da artacaq, uzunmüddətli investisiyalar çoxalacaq.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev də qeyd etdi ki, baş tutacaq idman yarışı Azərbaycanın iqtisadi baxımdan imicinin daha da yüksəlməsinə stimul verəcək. Bu yüksəliş fonunda isə əcnəbi iş adamlarının ölkəmizə marağı da artacaq: "I Avropa Oyunları ölkəmizə xaricdən investisiya axınını daha da gücləndirəcək. Xarici sərmayədarlar Azərbaycana investisiya qoymaqda həmişə maraqlı olublar. Keçiriləcək idman oyunları isə onlar arasında bu marağın, inamın daha da artmasına səbəb olacaq. Həmin oyunlar humanitar sahələrin inkişafında da önəmli əhəmiyyət daşıyacaq. Xarici ölkələr Azərbaycanda bu istiqamət üzrə də lazım olan infrastrukturun olduğunu görəcək. Belədə bundan sonra daha çox müxtəlif səpkili tədbirlərin Azərbaycanda keçirilməsini məsləhət bilərlər. Bu isə ölkəmizə həm də maliyyə baxımından əlavə gəlir gətirə bilər. Keçirilən bu kimi tədbirlərlə xarici dairələr ölkəmizin investisiya mühiti ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bu fonda da qeyd etmək olar ki, həmin oyunlardan sonra Azərbaycana xarici iş adamlarının iqtisadi baxımdan marağı daha da artacaq. İndinin özündə də xaricdən ölkəmizə sərmayə yatırmağa gəlirlər. Bu fonda investisiyalar nəinki təkcə neft sahəsinə, hətta qeyri-neft sektoruna da yönəlir. Məsələn, Sumqayıt, Mingəçevir kimi şəhərlərdə xarici investisiyalar hesabına bəzi obyektlər tikilir. Gələcəkdə isə bu proses daha da intensivləşə bilər. Hazırda xarici investorların Azərbaycanın kənd təsərrüfatına böyük marağı var. Düşünürəm ki, bu oyunlar ölkəmizin kənd təsərrüfatı sahəsinə yeni-yeni investisiyalar axınına gətirib çıxaracaq. İnkişaf etdirmək üçün sahələr axtarıb tapmaq asandır. Əsas odur ki, investisiya olsun".
İqtisadçı millət vəkili Vahid Əhmədov da möhtəşəm idman yarışının Azərbaycana hərtərəfli inkişaf gətirəcəyini bildirdi: "Bu kimi idman tədbirləri həmişə beynəlxalq aləmdə bütün istiqamətlər, o cümlədən iqtisadi baxımdan da, müsbət nəticələr verir. Belə yarışlarda müəyyən dövlətlər, müəyyən şirkətlər iştirak edir, on minlərlə insan gəlir. Azərbaycanda keçiriləcək tədbirə 50-ə yaxın ölkə qatılacaq. Deməli, ən azından həmin ölkələrdə Azərbaycan haqqında məlumatlar daha da genişlənəcək. Bu məlumatları geri qayıdaraq öz ölkələrində danışmaqla ölkəmizin nüfuzunun daha da qalxmasına rəvac vermiş olacaqlar. O cümlədən, Azərbaycanın stabil və sabit ölkə olduğunu görməklə, bura yeni-yeni investisiya axınına rəvac verəcəklər. Ümumiyyətlə, ölkəmizə investisiya qoyuluşu sahəsində hansısa bir problem də yoxdur. Belə tədbirlər siyasi əhəmiyyət kəsb edən tədbirlərdir. Azərbaycanı dünyaya tanıtdırmaq, ölkəmizdə gedən iqtisadi inkişafı dünyaya çatdırmaq, tolerant və suveren dövlət olduğumuzu göstərmək üçün iri miqyaslı idman təbirlərinin əhəmiyyəti danılmaz dərəcədə böyükdür"

Əli