“İgid oğlum, haydı, gəl!” Mədəniyyət

“İgid oğlum, haydı, gəl!”

164 saylı məktəbdə yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovla görüş keçirilib


Ölkəmizin hər yerində gənclərin hərbi - vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. Gənclər və yeniyetmələrlə bağlı müəssisələrdə, xüsusən, orta ümumtəhsil məktəblərində isə bu tərbiyə dövlət siyasətinin mühüm tərkib hissələrindən biri kimi gündəmdə saxlanılır.
Nəsimi rayonundakı Milli Qəhrəman Eldar Tağızadənin adını daşıyan 164 saylı orta məktəbdə də hərbi vətənpərvərlik tərbiyəsi aşılayan tədbirlərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Məktəbin müəllim və şagirdlərinin hazırladığı "İgid oğlum, haydı, gəl!" adlı ədəbi-bədii kompozisiya bu silsilədən olan növbəti tədbir idi.
Əslində, yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovla görüş kimi nəzərdə tutulan tədbir, sözün həqiqi mənasında, möhtəşəm bir hərbi-vətənpərvərlik tərbiyəsi nümunəsinə çevrilmişdi. İştirakçısı olduğumuz ədəbi-bədii kompozisiya tamaşaçılarda bir neçə fikir yaradırdı. Birincisi, müəllim rejissorların və şagird aktyorların Hüseynbala Mirələmovun "Vicdanın hökmü" əsəri əsasında hazırladıqları ədəbi- bədii kompozisiya sübut etdi ki, söhbət vicdanın hökmündən gedəndə müəllim və şagirdlər də peşəkar incənət xadimləri kimi yüksək nümunələr yarada bilirlərmiş. İkincisi, biz əvvəlki müharibələr zamanı Azərbaycan müəllimlərinin və şagirdlərimizin peşəkar döyüşçüyə çevrildiyinin şahidi olmuşduq. İndi isə onları peşəkar təbliğatçı kimi gördük.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova qeyd etdi ki, Qarabağ müharibəsi və milli faciələrimiz mövzusunda çoxsaylı əsərlərin müəllifi olan Hüseynbala Mirələmovun "Vicdanın hökmü" əsəri Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı da daxil olmaqla, bir neçə teatrda səhnələşdirilib. Bizim məktəb kollektivinin həmin teatrlardan sonra bu pyesə müraciət etməsi isə əsərdə ortaya qoyulan vətənpərvərlik tərbiyəsi məsələsinin aktuallığına görədir. Tamaşaya quruluş verən müəllim Sahilə Allahverdiyeva və musiqi tərtibatçısı Səadət Adampara Hüseynbala Mirələmovun dəfələrlə səsləndirdiyi bir çağırışı tamaşaçıya elə şəkildə çatdırdılar ki, auditoriya səhnədəkiləri dəfələrlə alqışladı. Çağırış belə idi: "Qarabağ düşmən tapdağından azad edilənədək bizim hamımız qarabağlı olmalıyıq".
Tamaşadan sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülarə Verdiyeva, məktəbin direktoru Kəmalə Qədirova və digər natiqlər çıxış edərək ədibin bu əsərdə oxucuya və tamaşaçıya çatdırdığı zəruri məqamlardan söz açdılar və tədbirə qatıldığına görə yazıçıya minnətdarlıq etdilər. Sonda Hüseynbala Mirələmov çıxış edərək məktəb rəhbərliyinə, qonaqlara və xüsusən, "Vicdanın hökmü" əsərindən parçaların səhnələşdirilməsində xidməti olan hər kəsə minnətdarlığını bildirdi.
Tədbir yazıçı-dramaturqun məktəb kollektivi ilə xatirə şəkili çəkdirməsi, eləcə də, müəllim və şagirdlərə ədibin Qarabağ mövzusunda olan bədii əsərlərinin toplandığı kitablarının hədiyyə edilməsi ilə başa çatdı.

Rafiq SALMAN