“Azərbaycan ədəbiyyatı qlobal axınlarla sintez olunur” Gündəm

“Azərbaycan ədəbiyyatı qlobal axınlarla sintez olunur”

“Müasir dünya ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında qarşılıqlı təsir güclüdür”.

Bu sözləri deputat Elnarə Akimova Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.

O qeyd edib ki, postmodern yanaşmalar, fərdi yaddaşın kollektiv tarixlə dialoqu, distopik motivlər və psixoloji realizmin dərinləşməsi Azərbaycan ədəbiyyatında həm forma, həm də məzmun baxımından aydın şəkildə hiss olunur: “XXI əsr ədəbiyyatında fərdin daxili dünyasının fraqmentar təqdimatı, zamanın xətti ardıcıllığından imtina və kimlik axtarışları kimi tendensiyalar yerli nəsrdə də özünü göstərir. Tarix və şəxsi talenin sintezi, müharibə yaddaşı, köç və qayıdış mövzuları klassik ənənə ilə müasir estetik düşüncə arasında körpü rolunu oynayır. Distopik və sosial-psixoloji motivlər Azərbaycan ədəbiyyatında daha çox metaforik və mənəvi-psixoloji səviyyədə təzahür edir, insanla cəmiyyət arasındakı gərginlik və seçimlərin dramatizmi bədii düşüncənin mərkəzinə çıxır.Azərbaycan ədəbiyyatı yalnız təsir alan deyil, həm də öz sözünü deyən məkandır; qlobal ədəbi axınlar yerli təcrübə və estetik yaddaşla sintez olunur və bu dialoq ədəbiyyatımızın canlılığını və inkişafını təmin edir”.

Günel Elxan