
“2025-ci ildə tərəfimizdən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunub, bunlardan 1-nin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib. Audit portfelinin kəmiyyət göstəricilərində əsasən stabilliyin saxlanmasına hədəflənsək də, portfelin keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəlik tədbirlər həyata keçirmişik. Bu, həm auditlərin əhatə etdiyi mövzuların müxtəlifliyində və aktuallığında, həm də ilk dəfə audit və ya analitik fəaliyyətlə əhatə olunan qurumların sayında özünü göstərib. Qeyd edim ki, portfelin 47,9%-də audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib”.
Xalqcebhesi.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, beynəlxalq standartların tələblərindən irəli gələrək hesabat ilində tətbiqinə başladığımız yeni Keyfiyyətin idarə edilməsi sistemi də auditin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi mərhələlərinin peşəkar baxışdan keçirilməsini təmin etməklə audit keyfiyyətinin yüksəldilməsinə töhfə verib: “Auditlərin əhatə dairəsinin əsas hissəsini icmal büdcənin müxtəlif elementləri təşkil edib. Müxtəlif illər üzrə dövlət büdcəsinin 6,7 mlrd. manatı, 2023-cü il üzrə Dövlət Neft Fondunun, 2023-2024-cü illər üzrə İcbari Tibbi Sığorta Fondunun büdcələri tam şəkildə, 2023-2025-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin 101,3 mln. manatı, eləcə də qeyri-büdcə vəsaitlərindən 130,1 mln. manat dövlət auditi ilə əhatə edilib”.
Onun bildirdiyinə görə, 2025-ci ilin İş Planının tərtibi zamanı müvafiq icra hakimiyyəti orqanının təklifləri, Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər, COP29, mediada işıqlandırılan məlumatlar, rəsmi internet səhifəmizdəki “Audit təklif et” bölməsi vasitəsilə daxil olmuş vətəndaş müraciətləri və digər məsələlər diqqətdə saxlanılıb: “Auditlərdə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə, müxtəlif (təhsil, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, ekologiya və s.) sahələr üzrə aktual mövzulara, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə fokuslanmışıq. Hesabat dövründə 3 auditi məxfilik rejimində keçirmişik. 2025-ci ilin İş Planına əsasən 5 analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilib. 6 auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. Bu nəzarət tədbirləri ilə aşkarladığımız nöqsanların təsnifatı Hesabatda ətraflı təsvir edilmiş, təsnifləşdirmə uyğunluq, maliyyə və səmərəlilik aspektindən həyata keçirilib”.
Röya İsrafilova