
“Donald Trampın İranla bağlı açıqlamaları və keçirilən iclaslarla bağlı bəzi məlumatlar bəzən mediada fərqli şərhlərlə təqdim olunur”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev “xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, Vaşinqtonun İran siyasətində hazırda bir neçə istiqamət mövcuddur:
“ABŞ-ın İranla bağlı siyasətində həm hərbi, həm də diplomatik variantlar paralel şəkildə nəzərdən keçirilir. Amerika Birləşmiş Ştatları rəhbərliyi İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesinin uzanmasından narahatdır. Tehran tərəfindən vaxt qazanmaq cəhdləri Vaşinqtonun maraqlarına uyğun deyil. Buna baxmayaraq, diplomatik kanallar tam bağlanmayıb.Danışıqların tamamilə dayandırılmaması üçün vasitəçilər üzərindən təmaslar davam etdirilir. Eyni zamanda ABŞ İranın nüvə fəaliyyəti və regional siyasəti ilə bağlı təzyiq mexanizmlərini də gücləndirir. Yaxın Şərqdə hərbi imkanların artırılması, sanksiya mexanizmlərinin hazırlanması və beynəlxalq institutlar vasitəsilə nəzarət tələblərinin irəli sürülməsi bu siyasətin tərkib hissəsidir”.
Millət vəkili vurğulayıb ki, ABŞ-İran münasibətlərində gərginliyin artması artıq real risk faktoruna çevrilib:
“Hazırda vəziyyət həm qarşılıqlı sərt bəyanatlarda, həm də hərbi addımlarda özünü göstərir. ABŞ İranın uran ehtiyatları və nüvə fəaliyyətləri ilə bağlı daha geniş məlumat tələb edir. Tehran isə bu tələbləri siyasi təzyiq kimi qiymətləndirir. Bu qarşılıqlı yanaşma kompromis imkanlarını müəyyən qədər çətinləşdirir”.
A.Nağıyevin sözlərinə görə, Tramp administrasiyası bir tərəfdən hərbi təzyiq mesajları verir, digər tərəfdən isə diplomatik razılaşma əldə etmək niyyətini ifadə edir:
“Tramp dəfələrlə bəyan edib ki, danışıqlar üçün imkanlar mövcuddur və razılaşma əldə etmək istəyir. Hətta gərginliyin yüksək olduğu dövrlərdə belə Vaşinqton və Tehran arasında vasitəçilər üzərindən təmasların davam etdiyini bildirib. Bu isə göstərir ki, ABŞ hazırda həm təzyiq, həm də danışıqlar xəttindən istifadə edir”.
Milli Məclisin komitə sədri hesab edir ki, yaxın perspektivdə əsas ssenari diplomatik və iqtisadi təzyiqlərin davam etdirilməsi olacaq:
“Ən real variant siyasi təzyiq, sanksiyalar və hərbi çəkindirmə tədbirlərinin birgə tətbiq olunmasıdır. Lakin əgər Vaşinqton hesab etsə ki, Tehran danışıqları məqsədli şəkildə uzadır və nüvə məsələsində heç bir irəliləyiş yoxdur, o zaman yeni lokal hərbi qarşıdurma ehtimalı da arta bilər. Hazırkı mərhələdə əsas məsələ tərəflərin gərginliyi idarə etməsi və diplomatik imkanları qorumasıdır.
ABŞ-İran münasibətlərində istənilən yanlış addım regionda daha geniş təhlükəsizlik böhranına səbəb ola bilər. Buna görə də qarşıdakı dövr həm diplomatik manevrlər, həm də qarşılıqlı təzyiq siyasəti ilə xarakterizə olunacaq”.
Günel Elxan