“Elektron sənəd dövriyyəsi“ sisteminin iş prosesi İqtisadiyyat

“Elektron sənəd dövriyyəsi“ sisteminin iş prosesi

Tərlan

Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan "Açıq qapı" vətəndaş forumlarının keçirilməsi barədə tapşırığa uyğun olaraq, oktyabrın 14-də İqtisadiyyat və Sənaye Nazirliyində "Elektron sənəd dövriyyəsi" sisteminin (DocNet) ictimaiyyət üçün təqdimatı keçirilmişdir.
DocNet sisteminin ilk dəfə olaraq tətbiq edildiyi qurumlardan olan İqtisadiyyat və Sənaye Nazirliyində keçirilmiş tədbirdə dövlət qurumlarının, bank və digər təşkilatlarının bu sahəyə məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişlər.
İqtisadiyyat və Sənaye Nazirliyinin strukturlarında DocNet sisteminin tətbiqi nəticəsində kağız və digər müvafiq dəftərxana ləvazimatlarına tələbat aradan qalxmış, sənəd dövriyyəsində operativlik və vaxta qənaət, icra intizamının daha da möhkəmləndirilməsi təmin edilmişdir.
Tədbirdə iştirakçılar "Elektron sənəd dövriyyəsi" sistemi vasitəsilə sənədlərin avtomatlaşdırılmış idarə olunması, o cümlədən qeydiyyatı, dövriyyəsi və icraatın başa çatdırılması prosesi ilə əyani şəkildə tanış olmuş, DocNet sisteminin tətbiqi ilə bağlı suallar cavablandırılmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)"na uyğun olaraq, "Elektron sənəd dövriyyəsi" sistemi İqtisadiyyat və Sənaye Nazirliyində 2010-cu ildən uğurla tətbiq edilir.