“Dünyada iqtisadi sistem yenilənməlidir” İqtisadiyyat

“Dünyada iqtisadi sistem yenilənməlidir”

"Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likhotalın moderatorluğu ilə "Qeyri-bərabər bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə: Necə?" adlı panel müzakirələri keçirilib.
Müzakirələrdə iştirak edən BMT baş katibinin keçmiş müavini Noelen Hayzer bildirib ki, dünya hazırda həmişəkindən daha zəngindir: "Hazırda daha çox elm, daha çox texnika var. Biz təhlükəsizlik barədə danışırıq. Lakin ilk növbədə iqtisadi bərabərsizliyə də baxmalıyıq. Dünyada iqtisadi sistem yenilənməlidir. Bizim bölüşmək üçün yeganə planetimiz var. Biz düşünməliyik ki, yoxsulluq və iqtisadi bərabərsizliyi aradan qaldırmaq üçün iqtisadi sistemlərimizi necə qurmalıyıq. Milyonlarla insan işsizdir və kriminal aləm tərəfindən cəlb olunmağa hazır vəziyyətdədir. Hökumətlər bu sahədə müəyyən işlər görməlidir".
Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç deyib ki, dövlətlərdə olan qeyri-bərabərlik münaqişələrin əsasını təşkil edir və bu, bütün regionlara təsir edir: "Ölkələr və cəmiyyətlər arasında ədalətsiz yanaşmalar siyasi problemlərə, siyasi münaqişələrə, hətta inqilablara gətirib çıxarır. Bərabərsizliyin dini, siyasi iqtisadi təsirləri olur. Nə etməliyik? Bütün ölkələr, əsasən də güclü ölkələr daxildə sosial ədalətə diqqət etməlidir".
Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku texnikanın insanlara təsirindən danışaraq deyib ki, əgər texnoloji inkişaf sürətlə gedirsə, humanitar inkişaf zəif olur: "20-ci əsrin ikinci hissəsində azadlıq ən böyük oyun idi. Amma azadlıq bərabərsizlik gətirdi. Dünya hazırda ciddi paradokslarla yaşayır. Biz universal konsensus təşkil etməliyik. Bu problemlərin qarşısını almaq üçün necə real tədbirlər görə bilərik, bu barədə danışmalıyıq. Dözümsüzlüklərlə qarşılaşmamaq üçün eyni mövqeyə gəlmək bütün xalqların marağındadır".