“Şahdəniz”lə bağlı daha iki müqavilə imzalanıb İqtisadiyyat

“Şahdəniz”lə bağlı daha iki müqavilə imzalanıb

Tikintir işləri Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək

Tərlan

"Şahdəniz" konsorsiumu "Mərhələ-2" layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir. "BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə "BOS Shelf LLC", "Saipem Contracting Netherlands B.V." və "Star Gulf FZCO" şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng "Mərhələ-2" layihəsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir.
750 mln. ABŞ dolları dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 200 və 12 200 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000 ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000 beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin hazırlanması daxildir.
Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək. Bu müqavilənin imzalanması "Şahdəniz" tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.
Bu müqavilə "Şahdəniz II" layihəsi üçün dəniz obyektlərinin - dayaq blokları, boru kəmərləri və sualtı qurğuların - inşası, daşınması və quraşdırılması üzrə ümumi iş həcminə dair Əsas Saziş çərçivəsində imzalanıb. Bundan əlavə, "Şahdəniz" konsorsiumu həmçinin sualtı hasilat sistemlərinin təchizatına dair müqavilə imzalayıb. Bu müqavilənin təxmini dəyəri 394 milyon dollar təşkil edir və o, "FMC Technologies Inc." şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki iş həcminə ilk iki hasilat kompleksi üçün avadanlıqların təchizatı daxildir. Bu komplekslər sualtı manifoldlar və onlarla bağlı idarəetmə blokları və birləşdirici komponentlərdən ibarətdir. Bu müqavilə üzrə işlərin 2017-ci ildə başa çatacağı gözlənilir. "Şahdəniz II" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üzrə müqavilələrin imzalanması bu böyük işlənmə layihəsinin çoxsaylı sahələri üzrə edilən ümumi irəliləyişin bir hissəsi kimi davam etdiriləcək.
TAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəql edilməsini nəzərdə tutur. Boru kəmərinin uzunluğu təxminən 870 km-dir. Kəmər Yunanıstan, Albaniya və Adriatik dənizi keçərək İtaliyaya çıxışı təmin edəcək. TAP-ın səhmdarları BP ( 20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (16%) , "Total" (10%), "E.ON" (9%) və "Axpo" (5%) şirkətləridir.
Ötən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verəcək.
Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. "BP-Azerbayjan" şirkətinin yaydığı məlumata görə, "Şahdəniz" layihəsi çərçivəsində dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisini nəzərdə tutur.
"Şahdəniz-2" və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 mlrd. dollar təşkil edəcək. "Şahdəniz" yatağından hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz təxminən 3500 km məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
"Şahdəniz" yatağından gündə kondensat hasilatının hazırkı 55 min bareldən 120 min barelə çatacağı gözlənilir. Daha yaxın zaman üçün isə "Şahdəniz" tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 mlrd. kubmetr artırılması üçün şərtləri ARDNŞ-lə razılaşdırıblar. Hasilatın bu artımı artıq aparılır və 2014-cü ilin sonunadək işlərin başa çatdırılacağı gözlənilir. ARDNŞ və "Şahdəniz" tərəfdaşları həmçinin "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. "Şahdəniz" tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər.
9 Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələrinə əsasən "Şahdəniz" qazının ildə təxminən 10 mlrd. kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir. Bundan başqa, "Şahdəniz-2"dən hasil olunacaq qazın ildə təxminən 6 mlrd. kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər "Şahdəniz" tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-in əməliyyatçılığı ilə idarə olunacaq. Qeyd edək ki, "Şahdəniz" yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən "Şahdəniz-1" layihəsi çərçivəsində Gürcüstan və Türkiyəyə qaz ixrac edir.
Yekun investisiya qərarı ilə paralel olaraq, ARDNŞ "Statoil" şirkətindən "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərində 6,7%, BP isə "Statoil"dan "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Bu əməliyyatların rəsmiləşdirilməsi prosesinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır. "Şahdəniz" tərəfdaşlarının payı aşağıdakı kimidir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), "LUKoil" (10%), NICO (10%) və TPAO (9%). "BOTAŞ" və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarının alınması əməliyyatından sonra TANAP tərəfdaşlarının bu şirkətlər olacaq: ARDNŞ (operator - 68%), "BOTAŞ" (20%) və BP (12%). TAP tərəfdaşları isə aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), "Statoil" (20%), "Fluxys" (16%), "Total" (10%), E.ON (9%) və "Axpo" (5%).