Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu yenidən qurulur İqtisadiyyat

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu yenidən qurulur

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb. Bu barədə yenidənqurma işlərini həyata keçirən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, sözügedən avtomobil yolu sovetlər dönəmində inşa edilib. Hazırkı hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə bu avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların normal, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə yolun yenidən qurulmasına başlanılıb.
İlkin mərhələdə 24,5 kilometr uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 6,8 kilometr hissəsinin, ikinci mərhələdə isə yerdə qalan 17,7 kilometr hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 kilometr yolun 1,1 kilometri Bakı I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. Burada ayrıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 metr olmaqla yolun ümumi eni 35 metrdir. Yol boyu hər iki istiqamət üzrə 2 metr enində səkilər və 400 metr uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.
İlkin mərhələdə nəzərdə tutulan 6,8 kilometrlik yolun yerdə qalan hissəsinin birinci texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla, 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Layihəyə uyğun olaraq, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunda hərəkət hissəsinin eni 15 metr, ayrıcı zolağın eni 5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni 3,75 metr olmaqla torpaq yatağının eni 27,5 metr olması nəzərdə tutulub. Bundan başqa, əsaslı yenidənqurma işləri çərçivəsində yol boyu müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün bir istiqamət üzrə 3 metr enində piyada səkiləri tikiləcək, xüsusi "cib"li avtobus dayanacaqları və yerüstü piyada keçidləri inşa ediləcək.
Ümumilikdə layihə boyu 21 ədəd ( yolun 6,8 kilometrlik hissəsində 6 ədəd ) avtobus dayanacağı və 8 ədəd (yolun 6,8 kilometrlik hissəsində 3 ədəd ) yerüstü piyada keçidinin inşası aparılacaq. Hazırda yolun birinci mərhələsi üzrə nəzərdə tutulmuş hissəsində mühəndis-kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri və suötürücü keçidlərin inşası işləri görülür.