
Bakı Expo Mərkəzində keçiriləcək "RecExpo II" sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. Bu barədə noyabrın 22-24-də keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Aparat rəhbəri Azər Bəşirov bildirib. O qeyd edib ki, sərgidə Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburqdan olan onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. Azərbaycan və beynəlxalq daşınmaz əmlak sektorunun qabaqcıl şirkətlərindən olan "Xəyal Adası", "Dreamland", "AAF Park", "AF Holding", "Şərur İnşaat", "Kristal Abşeron", "Azinko", "Gilan Holding", "Absheron City Yeni Həyat", "Emlak Konut Gyo", "Ağaoğlu", "Özak Gyo", "Tahincioğlu Gayrimenkul", "Haliç Property", "TGP", "Reality Port", "Ems Yapı", "Bavi Concept", "Mare Asset", "Urhome", "Voldan Investment", "Hıspano", "Hayat Estate", "Asteco" və "Afik" sərginin önəmli iştirakçılarındandır.
"RecExpo II" mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Mətbuat konfransında bu beynəlxalq sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki, ƏMDK tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, torpaqların elektron uçotu və vahid dövlət kadastrı, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə məlumat əldə edəcəklər.
Konfransda sərginin digər təşkilatçıları olan "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin nümayəndələri bildiriblər ki, iştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq.
Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı "RecExpo II" sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir. Sərginin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Təşkilatçılar sərgidə beynəlxalq arenada aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Belə layihələrin, eyni zamanda və bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır.