Vahid məktəbli forması: bərabərlik, təhsil və sosial adaptasiya məsələsi Gündəm

Vahid məktəbli forması: bərabərlik, təhsil və sosial adaptasiya məsələsi

Artıq bir neçə ildir Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiq olunması məsələsi müzakirə olunur. Bir çox insanlar, həmçinin təhsil sahəsində fəaliyyət göstərən şəxslər bunun müsbət təsirlərinin olacağını irəli sürürlər.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərarda qeyd edilib ki, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Bəs məktəblərdə vahid geyim formasının tətbiqi nəyi dəyişəcək?
“Xalq Cəbhəsi” mövzu ilə bağlı millət vəkili və təhsil ekspertlərinin fikirlərini öyrənib.

“Məktəb mühitində bərabərlik təmin olunmalıdır”
Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, vahid məktəbli formasının əsas hədəf və məqsədi birmənalı olaraq təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətinin formalaşdırılmasıdır: “Yəni əsas məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində birmənalı olaraq bərabərlik təmin olunmalıdır, sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşaq eyni şərtlərdə təhsil almalı və eyni imkanlara malik olmalıdır. Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Yəni məktəbdə bütün şagirdlər üçün neytral və inkluziv mühit olmalıdır”.
Məktəb-valideyn əməkdaşlığının güclənməsinə töhfə
Deputat diqqətə çatdırıb ki, vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət etməli, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərməlidir: “Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır. Eyni zamanda, bu, şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmaq üçün imkanlar yaradır. Geyim kodeksinə əməl olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verəcək. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə də dəstək verən vasitə kimi dəyərləndirilməlidir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir. Yəni o zaman hansısa ayrı-seçkilikdən, fərqlənmədən söhbət getməz”.
Məktəbə aidliyi gücləndirmək
C.Məmmədovun sözlərinə görə, məktəbli geyimi məsələsi yalnız geyim məsələsi deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir: “Bu bir fəlsəfədir, adaptasiya məsələsi və prosesidir. Ona görə də hər birimiz bu reallığı, bu məsələni mütləq şəkildə nəzərə almalıyıq. Məktəbli forması tədris prosesinə yaş xüsusiyyətlərinə uyğun, rahat və praktiki istifadə prinsipləri əsasında müəyyən edilir. Bir sözlə, deyə bilərik ki, vahid məktəbli formasının əsas hədəf və məqsədi məktəbə aidliyi gücləndirmək, məktəbdə bərabər mühit yaratmaq, eyni zamanda, məktəbdə ümumi prinsiplərə, təhsil mühitinə uyğun şəraitin yaradılmasıdır. Təhsil müəssisəsində fərqlilik, etik çərçivələrə uyğun olmayan geyimin geyinilməsi yol verilməzdir və bu, təhsil mühitinə ciddi mənfi təsir göstərən məsələ kimi qiymətləndirilməlidir”.
Təhsil mühitinin sağlam göstəricisi
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, vahid məktəbli forması vacib əhəmiyyət kəsb edir: “Bununla bağlı ötən gün Nazirlər Kabineti tərəfindən müvafiq qaydada “Ümumi təhsil haqqında” qanunda müəyyən dəyişikliklər oldu və bu dəyişikliklərdən irəli gələrək də təbii ki, vahid məktəbli geyim forması sosial bərabərliyin, eyni zamanda, təhsil uyğunluğu və təhsil mühitinin sağlam göstəricisi kimi təqdim olunur və düşünürəm ki, bu, doğru qərardır”.
“Vahid məktəbli forması sosial bərabərlik baxımından vacibdir”
E.Əfəndi vurğulayıb ki, vahid məktəbli forması sosial bərabərlik baxımından vacibdir: “Çünki görürük ki, bəzi ailələrdə maddi imkan yaxşıdır, bəzilərində isə yaxşı deyil və bu, nəticə etibarilə şagirdlərdən birinin daha yaxşı geyinməsi, digərinin isə bir qədər zəif geyinməsi ilə nəticələnir. Bu da bullinqə, şiddətə, qısnamaya məruz qoyma faktına imkan yaratmış olur. Ona görə də, əlbəttə, vahid geyim formasının tətbiqi vacib əhəmiyyət kəsb edir. Düzdür, bəzi elementlər geyim formasında öz əksini tapar, hansı ki, biz milli geyim formasına daha çox üstünlük veririk. Bununla bağlı da qərarda müvafiq qeydlər öz əksini tapıb”.
“Bu qərarın alınması vacib əhəmiyyət kəsb edir”
Ekspert vurğulayıb ki, bütün bunlar onu deməyə əsas verir ki, biz vahid geyim formasından istifadə edərkən müəyyən digər elementləri mütləq diqqətdə saxlamalıyıq: “Belə ki, hansı dinə mənsub və ya hansısa dini cərəyana aidiyyəti olan geyim üsullarından maksimum istifadə etməmək, yalnız qanunvericiliyin tələbinə uyğun hansı geyim forması varsa sırf ona üstünlük vermək tələb olunur və bir daha vurğulayıram ki, belə bir qərarın alınması vacib əhəmiyyət kəsb edir”.
Şagirdlər arasında sosial bərabərlik
Təhsil məsələləri üzrə ekspert Elçin Murad bildirib ki, Naxçıvan Muxtar Respublikasında vahid məktəbli forması necə illərdir tətbiq olunur və məktəblərdə şagirdlər arasında sosial bərabərliyi təmin edir: “Eləcə də müəllimlərdə vahid forma prinsipi var. Müəllimlər də dərsi uniforma ilə tədris edirlər. Həm şagirdlər, həm müəllimlər arasında bərabərlik məsələsi, həm də şagirdlərin müəllimləri vahid bir geyimdə görüb tanıması və onları qəbullanması məsələsi var. Vahid məktəbli formasının Bakı və Bakı ətrafı ərazilərdə tətbiq olunması məsələsi keçən il və bu il gündəmə gəlib. Mən Naxçıvan vətəndaşı olaraq o təhsil sistemində böyüyüb təhsil aldığım üçün bunu çox yaxşı görmüşəm. Yəni vahid məktəbli formasının burada da tədris olunmasının Naxçıvanda olduğu kimi müsbət təsirləri olacaq. Belə olduqda şagirdlərdə müəyyən disiplin olacaq. Çünki hər şeyin kökündə disiplin, mədəniyyət dayanır. Buna geyim də, danışıq tərzi də, təlim-tədris də daxildir”.
E.Murad düşünür ki, hər bir şagird vahid məktəbli formasında olanda özlərini toparlamağı, yığışdırmağı, qarşısındakına məlum olduğunu görüb onu anlamağı daha yaxşı qavrayacaq: “Bu da istər-istəməz onun disiplinli olmasına, daha tədbirli hərəkət etməsinə gətirib çıxaracaq. Həmçinin bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Bəziləri deyir ki, vahid məktəbli formasının təhsildə önəmi çox da yoxdur. Amma mən düşünürəm ki, önəmi var. Çünki hər şey birinci növbədə mədəniyyətdən, disiplindən, nizam-intizamdan başlayır”.

Röya İsrafilova