Natiq Əliyev: “ABŞ-ın TAP-a siyasi dəstək nümayiş etdirməsi vacibdir” İqtisadiyyat

Natiq Əliyev: “ABŞ-ın TAP-a siyasi dəstək nümayiş etdirməsi vacibdir”

ABŞ-ın "Trans-Adriatik" (TAP) qaz boru kəməri layihəsi ilə əlaqədar müəyyən siyasi çətinliklərin ortaya çıxmaması üçün "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasında yüksək səviyyədə təmsil olunaraq, siyasi dəstək nümayiş etdirməsi vacibdir. Energetika Nazirliyindən bildirilib ki, bu sözləri energetika naziri Natiq Əliyev regional səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun Enerji Diplomatiyası ofisinin direktoru Uilyam Silkvortla keçirdiyi görüşdə deyib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da iştirak etdiyi görüşdə dünya enerji bazarındakı son vəziyyət, eləcə də regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. ABŞ nümayəndə heyəti Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) növbəti görüşü ərəfəsində Azərbaycanın mövqeyi ilə maraqlanıb. Energetika naziri N.Əliyev Azərbaycanın dünya neft bazarında qiymətin sabitləşdirilməsi prosesinə qoşularaq, neft bazarının tənzimlənməsi, neftin qiymətinin bahalaşması üçün neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyini xatırladıb. Bildirib ki, rəsmi Bakı digər neft ölkələrini də oxşar addımlar atmağa çağırmaqla yanaşı, OPEC tərəfindən aparılan məsləhətləşmələrə dəstəyini ifadə edib.
N.Əliyev Azərbaycanın OPEC-ə üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək növbəti görüşünü mühüm hesab edərək iştiraka qərar verdiyini deyib. OPEC tədbirlərinin nəticələrinə dair fikirlərini bölüşüb: "Bu görüş qeyri-OPEC ölkələrində vəziyyətin öyrənilməsi baxımından əhəmiyyətli olacaq. Hesab edirəm ki, davamlı sabitlik və neftin qiymət artımının uzunmüddətli olması üçün nəinki OPEC və qeyri-OPEC ölkələri, həm kartel daxilində, həm də təşkilata üzv olmayan dövlətlər arasında ümumi anlaşma və həmrəylik olmalıdır. Bütün tərəflərin maraqları uzlaşacağı təqdirdə neftin qiymətinin tənzimlənməsi istiqamətində prosesi irəli aparmaq və razılaşmanın uzunmüddətliyini təmin etməklə hər kəs üçün sərfəli qiymətin müəyyənləşməsinə nail olmaq mümkündür".
Bundan başqa, görüşdə Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi layihəsinə xitam verilməsi və İtaliyada referendumun Azərbaycan yataqlarından çıxarılan təbii qazı İtaliyaya nəql edəcək TAP boru kəməri layihəsinin icrasına mümkün təsirləri ilə bağlı müzakirələr aparılıb. "Cənub" qaz dəhlizinin seqmentləri –"Şahdəniz-2", Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə işlərin icra vəziyyətinin qənaətbəxş olduğunu qeyd edən N.Əliyev TAP-la əlaqədar müəyyən siyasi çətinliklərin ortaya çıxmaması üçün Məşvərət Şurasının 3-cü iclasında ABŞ-ın yüksək səviyyədə təmsil olunaraq, siyasi dəstək nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Görüşdə həmçinin "Transxəzər" qaz kəməri layihəsi ilə bağlı danışıqlar prosesinin gedişatı və enerji təhlükəsizliyi məsələsində Azərbaycan-ABŞ əməkdaşlığının perspektivləri də müzakirə obyekti olub.