Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası yaradılıb İqtisadiyyat

Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası yaradılıb

Ölkədə fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis olunub. Martın 17-də Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə ölkə üzrə fəaliyyət göstərən qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan 30-a yaxın sahibkar, habelə aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, sahibkarlığın inkişafının, əlverişli biznes mühitinin yaradılmasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti olduğunu vurğulayıb. Dövlət başçısının iqtisadi isiahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən S.Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziya və icazə sisteminin təkmilləşdirilməsinin, apelyasiya şuralarının yaradılmasının, dövlət satınalmalarında yerli mallar üçün güzəştlərin tətbiqi və şəffaflığın artırılmasının, investisiya və ixrac təşviqi mexanizmlərinin özəl sektorun inkişafında xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, qablaşdırma məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək və onların qarşılaşdıqları problemlərin həlli məqsədilə yaradılacaq assosiasiyanın fəaliyyəti də sahibkarlığın inkişafı, eləcə də qablaşdırma istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək.
Sonra Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış edərək son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın yeni yaradılacaq assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elçin İbrahimov isə tədbir iştirakçılarına beynəlxalq təcrübədə geniş yayılmış bu cür assosiasiyaların fəaliyyəti və onların sahibkarlığın inkişafında rolu barədə məlumat verib.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr apanlıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Kartonpak" MMC-nin rəhbəri Kamran Hacızadə assosiasiyanın İdarə Heyətinin sədri seçilib.