İşçi ilə işəgötürən arasında əmək münasibətləri leqallaşdırılır İqtisadiyyat

İşçi ilə işəgötürən arasında əmək münasibətləri leqallaşdırılır

Formal əmək müqavilələrinin bağlanmasına son qoyulacaq

Tərlan

Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılmasını təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 28 kollektiv müqavilə bağlanılıb.
Ümumilikdə 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi də təmin olunub. Bu məbləğin 9 129 manatını əmək haqları, 612 manatını zərərə görə ödənclər, 1 205 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.
Aparılan islahatların mühüm tərkib hissəsi kimi, əmək müqaviləsi bildirişlərinin elektron hökumət portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizmi ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi sisteminin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə xidmət edir. Bu o deməkdir ki, formal şəkildə əmək müqavilələrinin bağlanması hallarına artıq son qoyulacaq. Bağlanan hər bir əmək müqaviləsi bildirişi EİS-də qeydiyyata alınmaqla tam hüquqi sənəd olacaq və vətəndaşların əmək hüquqlarının müdafiəsi, onların gələcək sosial təminatı üçün vacib hüquqi əsas yaradacaq.
Bu sahədə aparılan avtomatlaşdırma işləri, işçilər barədə məlumatların elektron bazasının yaradılması əmək kitabçalarının da tədricən bir hüquqi sənəd kimi ortadan qalxmasına səbəb olacaq. Aparılan islahatlar birbaşa olaraq işəgötürənlər qarşısında müəyyən öhdəliklər qoyur. İlk növbədə isə hər bir işəgötürən EİS-dən istifadə ilə bağlı müəyyən texniki imkanlara yiyələnməlidir. Ona görə də işəgötürənlər arasında müvafiq məlumatlandırma işlərinin aparılması, tətbiq olunan yeniliklər barədə onlarda aydın təsəvvürlərin formalaşdırılması, həmçinin onların bu proseslərdə fəal iştirakının təşviq olunması əsas məqsədlərdən biridir.
Artıq bir müddətdir ölkədə sosial sığorta şəhadətnamələrinin də rəsmiləşdirilməsi elektronlaşdırılıb. Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidmətini istifadəyə verib. Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində hazırda Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb.
2013-cü ildə DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də elektron hökumət portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. "Elektron hökumət" portalının statistikasına əsasən, ötən il Fondun elektron xidmətləri əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. İl ərzində bu portala inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanıb. Bu ildə bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir.
"Sığortaolunanın onlayn uçota alınması" adlı yeni xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra, sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq.
Elektron xidmətdən istifadə üçün sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.