10:42
700
“Prezident Əliyevlə müzakirələrimizin əsas mövzusu məhz enerji sahəsində əməkdaşlıq idi. Bolqarıstan Azərbaycan enerjisinin alıcısı olmaqla yanaşı, Avropaya tranzit ölkə kimi də strateji əhəmiyyət daşıyır. Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya çatdırılan Azərbaycan qazının həcmini artırmaq niyyətindədir”.
Bu sözləri APA-ya eksklüziv müsahibəsində Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova deyib.
Xanım Yotova bildirib ki, bir müddət əvvəl Prezident Rumen Radev tərəfindən irəli sürülmüş “Həmrəylik Halqası” layihəsi böyük inkişaf potensialına malikdir: “Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycanın beş qazötürmə sistemi operatoru arasında Anlaşma Memorandumunun imzalanmasından sonra bu layihə Azərbaycan qazının Avropa İttifaqına ixracını iki dəfə artırmağa imkan verə bilər.
Bolqarıstan və Azərbaycan həmçinin iki “yaşıl enerji” layihəsinin həyata keçirilməsi üzrə fəal əməkdaşlıq edir. Bunlar Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quru yaşıl enerji dəhlizi layihələridir”.