Rossbax: Qlobal mənzil böhranı qadınlara daha ağır təsir göstərir İqtisadiyyat

Rossbax: Qlobal mənzil böhranı qadınlara daha ağır təsir göstərir

Qlobal mənzil böhranı qadınlara daha ağır təsir göstərir və onlar adekvat mənzilə çıxış zamanı çoxsaylı sistemli maneələrlə üzləşirlər.

APA xəbər verir ki, bunu UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, hazırda dünyada 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb, 300 milyon insan isə evsizlik problemi ilə qarşı-qarşıyadır.

UN-Habitat rəhbərinin sözlərinə görə, bu böhran qadınlara qeyri-bərabər təsir edir.

O bildirib ki, qadınlar struktur, hüquqi və mədəni maneələrlə üzləşirlər və bu problemlər UN-Habitat və tərəfdaş təşkilatlar tərəfindən geniş şəkildə sənədləşdirilib.

O deyib ki, qadınların adekvat mənzilə çıxışı qarşısındakı əsas problemlərdən biri ayrı-seçkilik xarakterli miras və ailə mülkiyyəti qanunlarıdır. Bu qanunlar qadınların mənzil hüququnu çox vaxt kişi ilə münasibətlərindən asılı vəziyyətə salır.

Rossbax əlavə edib ki, qadınların torpaq mülkiyyəti və kredit sistemlərindən kənarda qalması, həmçinin formal olaraq gender neytral görünən, amma praktikada qadınları geri planda saxlayan siyasətlər də mövcud bərabərsizliyi dərinləşdirir.

UN-Habitat rəhbəri bildirib ki, adekvat mənzilin olmaması qadınların məişət zorakılığı riski ilə üzləşməsini artırır: “Qadınların gedəcək təhlükəsiz yeri olmadıqda onlar zorakılıq qarşısında daha həssas olurlar”.

O diqqətə çatdırıb ki, 2024-cü ildə dünyada qeydə alınan qadın qətllərinin 60 faizi partnyorlar və ya ailə üzvləri tərəfindən törədilib.

Anaklaudia Rossbaxın sözlərinə görə, bu risk xüsusilə böhran vəziyyətlərində daha da artır və pandemiya dövründə bu aydın şəkildə müşahidə edilib.