14:31
497
Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı sabitliyi və enerji müstəqilliyini təmin edir.
Bu barədə 31-ci Bakı Enerji Forumu çərçivəsində Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini İnqa Pxaladze "APA-Economics"ə açıqlamasında bildirib.
"Çünki enerji mənbələrinin və marşrutların şaxələndirilməsi dövlətlərə həm öz enerji təhlükəsizliklərini təmin etmək, həm də regional rifaha töhfə vermək imkanı yaradır", - İnqa Pxaladze qeyd edib.
Onun sözlərinə görə, milli enerji müstəqilliyinin təmin olunması və enerji təhlükəsizliyi kimi daha geniş çağırışlar müasir, qarşılıqlı əlaqəli dünyada yalnız ölkələr arasında əməkdaşlıq, tərəfdaşlıq və əlaqələndirilmiş regional səylər vasitəsilə effektiv şəkildə həll oluna bilər.
"Artıq görürük ki, strateji tranzit və bağlantı təşəbbüsləri regional əməkdaşlığı yeni mərhələyə çıxarır. Cənub Qaz Dəhlizi, Orta Dəhliz, regional elektrik enerjisi bağlantıları və formalaşmaqda olan Yaşıl Enerji Dəhlizi kimi layihələr strateji infrastruktur təşəbbüslərinin şaxələndirməni gücləndirdiyini, bazarlara çıxışı genişləndirdiyini və regionlararası əməkdaşlığı dərinləşdirdiyini nümayiş etdirir", - nazir müavini vurğulayıb.
O əlavə edib ki, hazırda Azərbaycan və Gürcüstan birlikdə Yaşıl Enerji Dəhlizi layihəsini inkişaf etdirirlər. Layihə çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək, elektrik kabeli marşrutu yaradılması nəzərdə tutulur. Bu xətt Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək.