BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir İqtisadiyyat

BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir

Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində videomüraciətində BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) icraçı katibi Armida Salsiah Alisjahbana bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya günəş, külək və hidroenerji daxil olmaqla zəngin bərpa olunan enerji resurslarına, həmçinin əsas enerji bazarlarını birləşdirən strateji coğrafi mövqeyə malikdir.

A. S. Alisjahbana qeyd edib ki, regionun enerji keçidini sürətləndirmək üçün bərpa olunan enerji layihələrinə investisiyaların artırılması, elektrik şəbəkələrinin modernləşdirilməsi, özəl investisiyalar üçün əlverişli mühitin yaradılması və sərhədlərarası elektrik enerjisi ticarətinin inkişafı vacibdir.

Onun sözlərinə görə, regional elektrik şəbəkələrinin əlaqələndirilməsi və bilik mübadiləsinə yönəlmiş platformalar xərclərin azaldılmasına, bərpa olunan enerji layihələrinin genişlənməsinə və investisiyaların cəlbinə kömək edə bilər.

BMT rəsmisi bildirib ki, Bakı Enerji Forumu hökumətləri, beynəlxalq maliyyə institutlarını və inkişaf tərəfdaşlarını bir araya gətirərək enerji keçidinin sürətləndirilməsi üçün vacib platforma rolunu oynayır. O əlavə edib ki, COP29 zamanı Bakıda təqdim olunan APREC təşəbbüsü regional əməkdaşlığın gücləndirilməsi və Mərkəzi Asiyanın enerji potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Azərbaycan üçün Yol Xəritəsinin istifadəyə verildiyini məmnunluqla elan edirəm. Bu sənəd enerji səmərəliliyinin artırılması, elektromobilliyin inkişafı və Azərbaycanın regional yaşıl enerji habı kimi mövqeləndirilməsi kimi prioritetləri əhatə edir”, - deyə A. S. Alisjahbana vurğulayıb.

O, həmçinin forumun təşkilinə görə Azərbaycan Energetika Nazirliyinə və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə (IRENA) təşəkkür edib və tədbirin uğurlu keçəcəyinə əminliyini ifadə edib.